Qurban Qurbanovun MİLLİ FAYDASI!

22 Oktyabr 2023 21:20 Araşdırma 1 356
Qurban Qurbanovun MİLLİ FAYDASI!

Qurban Qurbanovun Azərbaycan futbolunda qoyuduğu iz hələ uzun illər xatırlanacaq, yaddaşlarda qalacaq.

Təcrübəli mütəxəssis xəyal belə edə bilməyəcəyimiz uğurları illərdi "Qarabağ"la bizə Avropada yaşadır.

Artıq 10 ildi avrokuboklarda zəfər qazanan azərbaycanlı mütəxəssis xalqımıza o qədər böyük qələbələr bəxş edib ki…

Yalnız qələbələrmi?

Təbii ki, işin daha çox görünən tərəfi budur.

Amma görünməyən və ya gözdən qaçan tərəfləri də çoxdur.

Məsələn, yerli futbolçuların üzə çıxması, inkişafı və legioner həyatı yaşaması kimi.

Bu gün əksəriyyət milli komandamızın indiki heyətin tarixin ən güclüsü hesab edir.

Bu iddia üçün əsas arqument isə heyətdə 10 legionerimizin yer alması faktıdır.

Və həmin legionerlərin əksəriyyəti birbaşa Qurbanovun adı ilə bağlıdır.

Belə ki, həmyerlilərimiz məhz onun rəhbərliyi altında oynayıb, bu gün xarici klubların düşərgəsində top qovurlar.

Sanki çalışdırıcı təkcə klubla uğur qazanmağa yox, həm də klubda yerli futbolçuların xaricə getməsi üçün fabrik yaradıb.

Həmin fabrikin ilk sanballı məhsulu ilə bağlı tarix isə hələ 14 il əvvələ gedib çıxır.

Söhbət Vaqif Cavadovdan gedir. Ağdamlıların düşərgəsində parlayan məşhur "7 nömrə" 2009-cu ildə böyük səs-küylə Hollandiya çempionu "Tvente"yə transfer olunmuşdu.

Növbəti buna bənzər keçidi gözləmək üçün 12 gözləmək lazım gəldi.

2021-ci ildə Qurban Qurbanovun sərəncamında məşhurlaşan daha bir azərbaycanlı - Mahir Emreli xaricə köç etdi. O, "atlılar"ı Polşa nəhəngi "Legiya"ya dəyişdi. Artıq 3 ildi karyerasını ölkə xaricində davam etdirən forvard qısa müddət Türkiyə karyerasının ardınca işinə Xorvatiyanın adlı-sanlı klubu olan "Dinamo"da (Zaqreb) davam etdirir.

Əslində bu iki keçid arasında da bir neçə "Qarabağ"lı Avropada ölkəmizi təmsil etmək imkanlarına sahib olmuşdu.

Məsələn, Qara Qarayev, Maksim Medvedev, Rauf Əliyev və Əfran İsmayılov.

Xüsusilə sonuncunun adı bir neçə sanballı klubla çəkilsə də, sadəcə özü legioner həyatı yaşamaqda maraqlı olmamışdı.

Legioner həyata yaşamasalar belə, uzun illər milli komandanın özəyini təşkil edə bilmişdilər.

Bu kimi səbəblərdən Vaqifin keçidindən sonra durğunluq yaşandısa, Emrelidən sonra cığır açıldı deyə bilərik.

Öncə ötən yay Musa Qurbanlı İsveç təmsilçisi "Yurqorden" transfer olundu. 22 yaşlı hücumçu arxada qalan qısa müddətdə özünü heç də pis göstərmir.

Bir neçə dəfə legioner həyatı yaşamış Ramil Şeydayev "Sabah"ın əvəzedici komandasına düşəcək qədər lazımsız futbolçu səviyyəsinə düşmüşdü.

Rusiya futbol məktəbinin yetirməsi məhz "Qarabağ"a növbəti dönüşündən sonra Qurbanovun sərəncamında toparlanaraq Taylanddan bir milyonluq təklif aldı.

Hələki ölkə xaricinə üz tutan sonuncu futbolçu Şahruddin Məhəmmədəliyevdir. Türkiyənin “Adana Dəmirspor” klubuna keçən qolkiperin üzərində Qurbanovun nə qədər əməyi olması barədə uzun-uzadı danışmaq vaxt itkisi olar.

Bu gün Qurban müəllimin sərəncamında olan Elvin Cəfərquliyev, Toral Bayramov da hazırkı inkişaf dinamikaların saxlaya bilsələr, yəqin ki, ən yaxın zamanda yuxarıdakı adların sırasına onlar da qoşulacaq. Nəriman Axundzadənin asta-asta hazırlanmasını da unutmaq olmaz.

Azərbaycan premyer liqasında iştirakçı ola-ola avrokuboklarda nəticə qazanmaq çətindirsə, bir yerli futbolçunu Mahir, Musa səviyyəsinə qaldırmaq ondan da çətindir.

Bunun üçün səbr etmək, illəri vermək, doğru zamanı gözləmək lazımdır.

Məncə, ən azı avrokuboklardakı nəticələr qədər el arasına çıxardığı yerli futbolçulara görə də Qurban Qurbanova böyük təşəkkür düşür.

Ümid edək ki, bu nümunələr digər klublarımız üçün də yaxşı dərslik rolunu oynayar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 18:10 Çək və bizə göndər!
20 İyun 04:00 Nazir onu paylaşdı