UEFA dəlləkliyi bizimkilərin başında öyrədir!

16 Oktyabr 2023 16:40 Araşdırma 1 523
UEFA dəlləkliyi bizimkilərin başında öyrədir!

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

UEFA Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya Yunanıstandan olan briqadanı təyin edib.

Matçı Aristotelis Diamantopulos idarə edəcək.

Ona Konstantinos Psarris və Andreas Meintanas kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək.

40 yaşlı referi Yunanıstanın yüksək liqasında 2016-cı ildən hakimlik etməyə başlayıb. 2019-cu ildən isə UEFA-nın bayrağı altında keçirilən oyunlara təyinat alıb.

Aristotelis geridə qalan 4 ildə avrokuboklarda cəmi 8 qarşılaşmada meydanda əsas söz sahibi olub. Lakin bunların heç birində yolu bizimkilərlə kəsişməyib.

Milli komandalar səviyyəsində U-17, U-19 və U-21-lər arasında keçirilən müxtəlif yarışlarda əsas hakim statusunu daşıyıb.

Əsas millilərin oyunlarına 6 dəfə təyinat alıb. Bütün hallarda dördüncü hakim kimi fəaliyyət göstərib.

Azərbaycan – Avstriya qarşılaşması Yunanıstandan olan ədalət təmsilçisi üçün milli komandalar səviyyəsində ilk olacaq. Diamantopulos yığma komandaları meydana ilk dəfə baş hakim kimi çıxaracaq.

Maraq üçün bildirək ki, oktyabrın 13-də Tallində Estoniya və Azərbaycan milliləri arasında baş tutmuş oyunda ilk dəfə əsas milli komandaların oyununu idarə edən Robert Şröder meydanda yaşananlara nəzarət etmişdi.

Görünən budur ki, UEFA-nın Hakimlər Komitəsi referilərin “siftə”si üçün reytinqi və nüfuzu yüksək olmayan Azərbaycan yığmasını seçir.

Oktyabrın 16-da Azərbaycanla Avstriya arasında keçiriləcək görüş saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti