Media Reyestrinə qarşı kampaniya aparanların gerçək niyyətləri: Tapşırıq belə gəlib...

4 Fevral 2023 20:30 Araşdırma 512
Media Reyestrinə qarşı kampaniya aparanların gerçək niyyətləri: Tapşırıq belə gəlib...

Fevralın 4 də “media qurumları rəhbərlərinin” Media Reyestri mövzusunda “dəyərimi masa” keçirəcəkləri anons edilib.

Təşkilatçılar barədə bilgi qapalı saxlanılır. Amma tədbir üçün ünvan olaraq "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin ofisinin seçilməsi təşkilatçı kontingent barədə təsəvvür formalaşdırır.

Paralel olaraq, bir neçə gündür ki, “hüquqşünaslar və media ekspertləri”ndən ibarət “bəlli qrup”un aktivliyi müşahidə edilir.

Onlar “Media haqqında” Qanunu, o cümlədən, Media Reyestri mövzusunu təkrarən gündəmə gətiriblər. Aktiv şəkildə əks-kampaniya aparırlar.

Qanunun dəyişdirilməsini, Media Reyestrinin ləğv edilməsini istəyirlər. Bu, həmin qrupdur ki, aylar öncə Avropa Şurasının Venesiya Komissiyasına, həmçinin, Avropa Şurasının Nazirlər Komitəsinə müraciət edərək, “Media haqqında qanunun” pislənilməsini istəmişdilər. 4 fevralda keçirilməsi nəzərdə tutulan “dəyərimi masa” həmin kampaniyanın davamı kimi görünür.

Bu aydınlığın içində cavabı bilinməyən bir sual qalır: “Bəlli qrup” 2022-ci ildə apardığı, sonucda iflasa uğratdığı kampaniyanı indi nədən təkrarlayır? Onları yenidən ümidləndirən nədir?

2 stimullaşdırıcı səbəb görünür

Media Reyestrinin ləğv olunmasını tələb edən “hüquqşünasları”, “media ekspertlərini” ümidləndirən iki mühüm səbəb görünür. Səbəblərdən biri ənənəvidir: xaricdən qrant layihələrinin alınmasına hesablanıb. Məsələ ondadır ki, Azərbaycanda mübahisəli hüquqi mövzuların Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) müstəvisinə çıxarılması üçün xüsusi layihə icra olunur. Layihə onun müəllifləri üçün siyasi məqsədlidir. Belə ki, AİHM-ə göndərilən işlərin kəmiyyətcə çoxalması nəticə etibarilə, həm də ölkəmizə qarşı siyasi təzyiqlər üçün əsas yaradır. Məsələn, Avropa təsisatlarında məskunlaşmış “erməni lobbi qrupları” indi bir tezis üzərində xüsusi dayanırlar. Deyirlər ki, “Azərbaycan qeyri-demokratik ölkə olduğu üçün Qarabağ erməniləri bu dövlətin tərkibində yaşaya bilməzlər”. Ruben Vardanyan da xarici KİV-lərə verdiyi bütün müsahibələrində bu tezisi təkrarlayır. Həmin tezisi əsaslandırmaq üçün istinad edilən mənbələrdən biri də AİHM-ə Azərbaycandan göndərilən işlərin “kəmiyyətcə çoxalmasıdır”. Azərbaycandan AİHM-ə göndərilən, insan haqları pozuntusunu ehtiva edən məsələlər kəmiyyətcə çoxalırsa, bu, “erməni şəbəkəsinə” Azərbaycanı tənqid etmək üçün əsas yaradır. Bu səbəbdən də onlar Azərbaycanda mübahisəli hüquqi məsələlərin AİHM müstəvisinə çıxarılmasını ehtiva edən layihələrin ayrılması üçün lobbiçilik edirlər. AİHM-ə göndərilən işlərin intensivləşdirilməsi üçün imkanlar təklif edirlər.

Layihə icraçılarından olan “hüquqşünasların” və “media ekspertlərinin” açıqlamalarından görünür ki, Media Reyestri ilə bağlı məsələni də AİHM müstəvisinə çıxarmağa hazırlaşırlar.

Problem həm də ondadır ki, bu qrupda təmsil olunanlar AİHM-ə göndərilən iddiaların kəmiyyətini süni şəkildə çoxaldırlar. Məsələn, Media Reyestrində qeydə düşə bilməyən KİV subyektlərinə, jurnalistlərə müraciət ediblər. Onları yerli məhkəmələrə müraciət etməyə həvəsləndiriblər. Xərclərini də qrant layihəsi çərçivəsində ödəyirlər. Yerli məhkəmələrdə hüquqları tanınmayacaqsa, işi AİHM müstəvisinə çıxaracaqlar. Onlar əmindirlər ki, yerli məhkəmələr bu KİV-lərə bəraət qazandırmayacaqlar. Çünki, onlar yaxşı bilirlər ki, Media Reyestrinə düşə bilməyən KİV-lərin sənədlərində problemlər mövcuddur. Əgər problem olmasaydı, Reyestr Xidməti onları qeydə alardı. “Hüquqşünaslar” və “media ekspertləri” bu nüansdan sui-istifadə edirlər. Reyestrdə qeydə alınmamış KİV-lərə öz sənədlərini qaydaya salmaq üçün gerçək dəstək vermirlər. Əksinə, belə KİV-lərə dəstək verirlər ki, məhkəmələrə məhz öz qüsurlu sənədləri ilə getsinlər. Orada uduzsunlar.

Təbii ki, məhkəmələr bu KİV-lərin sənədlərindəki qüsurları görüb onları haqsız sayacaq. Beləliklə, şərait yaranacaq ki, “hüquqşünaslar” işi AİHM müstəvisinə çıxarsınlar.

Bu proses “hüquqşünaslar” və “media ekspertləri” üçün sadəcə yem mənbəyidir. Nə qədər çox işi hazırlayıb AİHM müstəvisinə çıxarırlarsa, bir o qədər çox qrant layihəsi, qonorar alacaqlar. Siyasi tərəflərini, milli maraqlar üçün yaratdığı fəsadları isə düşünmürlər. Qeyd etmək zəruridir ki, “Azərbaycan məhkəmələrində süni şəkildə uduzdurulmuş işlərin AİHM müstəvisinə çıxarılması” üçün layihələr məqsədli şəkildə artırılır. Qarabağ danışıqlarının intensivləşdiyi, dünyanın diqqət mərkəzində olduğun bir zamanda belə süni problemlərin yaradılması erməni lobbi qruplarının işinə yarayır.

Bu yöndə daha bir fakta baxaq.

“Hüquqşünas və media ekspertləri” təkcə Media Reyestrindən şikayətçi olan KİV-ləri deyil, həm də jurnalistləri səfərbər edirlər. Məsələn, əmək müqaviləsi olmayan, əmək münasibətləri rəsmiləşdirilməyən jurnalist Reyestr xidmətindən keçə bilmirsə, “Hüquqşünas və media ekspertləri” qrupu ona “sahib çıxır”. Tövsiyə edirlər ki, dərhal məhkəməyə müraciət etsinlər, Media Reyestrinin ləğv edilməsinə çalışsınlar. Amma heç zaman demirlər ki, əmək mübahisələri ilə bağlı problemi Media Reyestri yaratmayıb. Reyestr xidməti, sadəcə mövcud olan problemi aşkarlayıb və onun aradan qaldırılmasını tövsiyə edib. Problemin mahiyyəti budur ki, bir sıra həmkarlarımız uzun illər jurnalist kimi fəaliyyət göstərsələr də, onların fəaliyyəti rəsmiləşdirilməyib, əmək kitabçasında qeydə düşməyib. Media sahəsində 10 ildən yuxarı müddətdə fəaliyyət göstərən həmkarlarımız vardır ki, əmək kitabçasında hətta 3 illik jurnalistik fəaliyyət görünmür. Reyestr xidməti buna göz yumsa belə, jurnalist pensiya yaşına çatanda, yaxud, çalışdığı redaksiyada əmək mübahisəsi yarananda çıxılmaz duruma düşəcək.

Biz, Jurnalistlərin Həmkarlar İttifaqı olaraq, 2002-ci ildən etibarən, bu sahədə sistemli monitorinqlər aparırıq. Jurnalistlərin əmək münasibətlərinin rəsmiləşdirilmədiyini mövcud problemlərdən biri kimi qabardırıq. Onlarca həmkarımızın bu səbəbdən problemlərlə rastlaşdığını qeyd edirik. Pensiya yaşına çatanda əlacsız qaldıqlarını, əmək mübahisələri ilə rastlaşanda müşkülə düşdüklərini yazırıq. Bu mənada Media Reyestrinin əmək münasibətlərinin qaydaya salınması şərtini alqışlayırıq. İndi şərh yazaraq Media Reyestrinin ləğv edilməsini tələb edən “hüquqşünaslar”, “media ekspertləri” jurnalistlərin bu problemlərinin həll edilməsi üçün bircə addım atıblarmı? Görməmişik, olmayıb belə fəaliyyətləri. Nəticə çıxır ki, onların niyyətləri jurnalisti müdafiə etmək, probleminin həllinə dəstək göstərmək deyil. Niyyətləri Media Reyestrini pisləyib gözdən salmaqdır, xidmətin ləğvi üçün çalışmaqdır. Sonucda bu problemi AİHM müstəvisinə çıxarmaqdır.

Digər yandan, nəzərə almaq lazımdır ki, 2023-cü il yeni başlayıb. Beynəlxalq donor təşkilatlar yeni qrant layihələri elan ediblər. Məsələn, ABŞ-ın Azərbaycandakı Səfirliyi 65,000 USD məbləğində qrant uduşunu ehtiva edən müsabiqənin elanını verib (https://az.usembassy.gov/nofo-media/ ). “Peşəkar medianın inkişafı”, “Media ehtiyaclarının qiymətləndirilməsi” yönündə layihələr verib qalib olmaq mümkündür. Belə donorların və müsabiqələrin sayı çoxdur. Şərtləri isə bənzərdir. Azərbaycan media mühitini tənqid etmək, “səmərələşdirici təkliflər” səsləndirmək kifayət edir ki, bu müsabiqələrin qalibi olasan. Media Reyestrinə qarşı kampaniya aparanların çıxışlarında bu müsabiqələrin şərtlərinə uyğunlaşmış tezislərin açıqlandığı çox aydın şəkildə görünür.

Azərbaycan media qanununu SLAPP kampaniyasına daxil edirlər

SLAPP-abreviaturadır. İctimai İştirakçılığa Qarşı Strateji Məhkəmə İddiaları (Strategic Lawsuit Against Public Participation) anlayışını ifadə edir. İctimai maraqlar naminə çıxış edən şəxslərin, təşkilatların qorxudulması, susdurulması üçün istifadə edilən hüquqi təqib formalarından bəhs edir. Mahiyyəti budur ki, araşdırılması “arzu edilməyən” problemlərə diqqət çəkən jurnalistləri, QHT-ləri, sosial şəbəkə istifadəçilərini susdurmaq üçün “qanunlardakı boşluqlardan” istifadə edilir. Daha dəqiq desək, son illərdə əksər ölkələrdə informasiya yayımını tənzimləyən qanunlar intensiv şəkildə dəyişdirilir, mürtəce hala salınır, azad informasiya istehsalçılarının məhkəmələrdə uduzdurulması və cəzalandırılmasına imkan verən formaya salınırlar.

Problem ilk dəfə 2017-ci ildə - Maltalı jurnalist Daphne Galizianın öldürülməsi ilə diqqət çəkib. Bütün dünyada məşhurlaşan bu ölüm faktını araşdırarkən müəyyən edilib ki, Daphne Galizia ölümündən öncə 47 dəfə məhkəməyə çəkilib və bu proseslərin əksəriyyətini “hüquqi müstəvidə uduzub”. Məsələni dərindən araşdıran beynəlxalq jurnalist təşkilatları müəyyən ediblər ki, Avropanın əksər ölkələrində informasiya yayımını tənzimləyən qanunlara son illərdə əlavələr edilib. İnformasiya istehsalçılarını cəzalandırmaq üçün hüquqi şərtlər yaradılıb. Mürtəce hala salınmış qanunlar imkan verirlər ki, təkcə “arzu edilməyən xəbəri” hazırlayan jurnalistlər deyil, həm də onların çalışdıqları redaksiyalar, əməkdaşlıq etdikləri QHT-lər də cəzalandırılsınlar. Bu prosesə SLAPP (İctimai iştiraka qarşı strateji məhkəmə iddiaları) adı verilib. SLAPP-lar, xüsusilə, ictimai-siyasi məzmun kəsb edən mövzularda yazanları qorxutmaq, susdurmaq məqsədi daşıyan hüquqi təqib formasıdır.

Mövzunun araşdırılması üçün Avropa ölkələrindən olan 60-a yaxın milli və beynəlxalq statuslu jurnalist təşkilatları öz imkanlarını birləşdirərək koordinasiya edilmiş fəaliyyət göstərirlər. Koordinasiya edilən bu fəaliyyətə “Avropada SLAPP-a Qarşı Koalisiya” (CASE) adı verilib. CASE-nin 1 dekabr 2020-ci il tarixdə ictimailəşdirilən, “SLAPP-lar Avropa demokratiyasını necə təhdid edir ” adlı hesabatında qeyd edilir ki, araşdırma zamanı Avropanın 29 ölkəsində SLAPP prosesi qeydə alınıb. Sui-istifadə halları ilə bağlı 570-ə yaxın material toplanılıb.

CASE 1 fevral 2021-ci il tarixdən başlayaraq “SLAPP-a qarşı Avropa İttifaqı Direktivi”nin qəbul olunması üçün hərəkətə keçib. Məqsədinə çatmaq üçün petisiya hazırlayıb. Petisiya 200,000-dən çox imza toplayıb və nəticələr Avropa Komissiyasının Vitse-Prezidentinə çatdırılıb.

Müraciətləri nəzərə alaraq Avropa Komissiyası 2022-ci ilin aprel ayında SLAPP mövzusu üzrə ilk müzakirəsini keçirib. Yekun olaraq SLAPP kampaniyasının dəstəklənməsinə qərar verib. Avropa Komissiyası 20 oktyabr 2022-ci ildə SLAPP mövzusu üzrə növbəti müzakirəni keçirib. Müzakirələrin nəticəsi olaraq Bəyannamə qəbul edilib. Bəyannamənin məğzi budur ki, CASE-nin Avropa İttifaqı ölkələrində topladığı SLAPP faktları dəyərləndirilsin. 2023-2024-cü illərdə isə araşdırma və dəyərləndirmə prosesi Avropa İttifaqı ilə yanaşı, Avropa Şurasına üzv dövlətləri də əhatə etsin. Avropa Şurasına çağırış edilir ki, anti-SLAPP Tövsiyələr paketi hazırlasın, üzv dövlətlər bu paketi ( proqramı ) yerinə yetirməyə təşviq edilsin.

Hesabatda qeyd edilir ki, CASE-nin ilkin araşdırmalarında Avropanın 29 ölkəsində SLAPP problemləri qeydə alınıb. Məsələ ondadır ki, ilkin araşdırmalar daha çox Avropa İttifaqına üzv olan dövlətləri əhatə edib və burada ciddi problemlər ortaya çıxıb. Fransa, Almaniya, Yunanıstan, Polşa və digərləri daxil olmaqla, əksər ölkələrdə informasiya mühitini tənzimləyən qanunlarda SLAPP elementləri aşkarlanıb. Amma maraqlıdır ki, CASE-nin aşkarladığı və zaman-zaman ictimailəşdirdiyi bu faktların əksəriyyəti onun yekun hesabatında- 1 dekabr 2020-ci il tarixdə ictimailəşdirilmiş “SLAPP-lar Avropa demokratiyasını necə təhdid edir ” adlı hesabatında öz əksini tapmayıb. Daha doğrusu, problemlər təsvir edilsə də, bu problemlərin yaşandığı ölkələrin adları sadalanmayıb. Ümumi şəkildə “Avropa dövlətləri” ifadəsi işlədilib. Hiss olunur ki, Avropa İttifaqına üzv dövlətlərin adlarının bu proseslərdə hallandırılmasında maraqlı görünmürlər. Məsələn, SLAPP üçün ən ciddi nümunələrdən biri Fransada qeydə alınıb. Fransada 20 oktyabr 2020-ci ildə müzakirəyə təqdim edilən “Qlobal Təhlükəsizlik Qanunu”nun (Loi Sécurité globale ) 24-cü maddəsi ifadə azadlığı ilə tamamilə ziddiyyət təşkil etdiyi üçün SLAPP faktı olaraq qeydə alınıb. Bu maddənin dəyişdirilməsi üçün ciddi şəkildə mübarizə aparılıb. Amma bu nümunə CASE-nin yekun hesabatında əks edilməyib. Deyirlər ki, “Fransa hökuməti 24-cü maddənin yumşaldılması üçün addımlar atıb”. Hansı ki, “yumşaldılma” dedikləri hal kosmetik xarakterlidir, 24-cü maddənin əsas məzmununu dəyişmir.

Qərbi Avropanın digər dövlətlərinə aid faktların üzərindən də bu cür bəhanələrlə keçilir. Əvəzində Avropanın postsovet ölkələri önə çıxarılır. Məsələn, Bolqarıstan parlamentinə təqdim edilən “Xarici agent” qanunu layihəsinin üzərində dayanılır. Yaxud, 2017-ci ildə Macarıstanda KİV və QHT qanunlarına əlavə edilən, “xaricdən maliyyələşdirilən KİV və QHT-lərin fəaliyyətini əhatə edən” qanun maddələri SLAPP nümunəsi kimi önə çəkilir.

Bu yöndə mövcud olan nümunələri uzlaşdırarkən bəlli olur ki, Avropa Komissiyasının 20 oktyabr 2022-ci il tarixdə keçirilən konfransında qəbul edilmiş SLAPP Bəyannaməsində Avropa Şurasına çağırış edilməsi təsadüfi deyil. Avropa Komissiyası SLAPP problemini qəbul edir. Amma onu Avropa İttifaqına üzv dövlətlərin deyil, geniş çevrədə Avropa Şurasına üzv dövlətlərin, daha dəqiq desək, Avropa strukturlarına inteqrasiya etmiş post-sovet ölkələrinin problemi qismində təqdim etmək istəyir. Problemin post-sovet ölkələri üçün xarakterik olduğunu, genişlənərək bütün Avropaya nüfuz etdiyini göstərmək üçün siyasət yürüdülür.

Bu kontekstdə Azərbaycanda “bəlli qrup”da cəmləşən “hüquqşünas və ekspertlərin” “Media haqqında” Qanun, o cümlədən, Media Reyestri ətrafında apardıqları kampaniyalar, “əldə etdikləri” beynəlxalq reaksiyalar diqqət çəkir. Onların Venesiya Komissiyasına, Avropa Şurasının Nazirlər Komitəsinə göndərilmiş müraciətlərinə “operativ reaksiya almaları” belə nəticə doğurur ki, koordinasiya edilmiş formada çalışırlar. İndi də Azərbaycandakı “Media haqqında” Qanun və xüsusilə, Media Reyestri mövzusunu Avropa Məhkəməsi müstəvisinə daşımaq istəyirlər. Başladıqları bu proses planlaşdırılmış, koordinasiya edilən proses təsiri bağışlayır.

Çox aydın şəkildə görünür ki, Azərbaycanın adını SLAPP kampaniyası kontekstində “ən pis nümunə” qismində göstərmək üçün hazırlıq aparırlar. Bu, həm Azərbaycandakı “bəlli qrup”un, həm Azərbaycanın adını daimi olaraq “qara siyahılarda” göstərmək istəyənlərin, həm də SLAPP problemini post-sovet ölkələrinin adına yazmaq istəyən mərkəzlərin maraqlarını uyğunlaşdırır. Media Reyestri üzərində aparılan əks kampaniyaların səbəblərindən biri də budur.

CASE-nin sonuncu toplantıları yanvarın 22-də və 27-də keçirilib. Üzv təşkilatlara və şəxslərə tapşırıq verilib ki, təmsil olunduqları ölkələrlərin bərbad imicini təsvir edən nümunələr formalaşdırıb təhvil versinlər. Bu baxımdan Azərbaycanda Media Reyestrinə qarşı çıxanların yaxın günlərdə aktivləşəcəkləri gözlənilən idi. Onlar tapşırığa uyğun olan kampaniyaya başlayıblar. Fevralın 4-də yerli təqdimat edəcəklər.

Müşfiq Ələsgərli

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?