"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bir neçə gün əvvəl beynəlxalq feyr-pley mükafatı olan "Jean Borotra World Fair Play Career”ə layiq görüldü.
Millimizin sabiq hücumçusu öz addımları, prinsipləri sayəsində dünyada ən ədalətli idman adamları sırasına bir azərbaycanlı adı da yazdırmağı bacardı.
Artıq Qurbanovun sayəsində idmanda dünyanın ən ədalətli insanları arasında azərbaycanlı da mövcuddur.
Təbii ki, mütəxəssis bu mükafata layiq idi. Bəs mükafat nə vaxtdan təsis olunur, hansı insanlar buna layiq görülür, əvvəlki qalibləri kimdir?
İdmanda şovinizmə və zorakılığa qarşı mübarizə ideyası 1963-cü ilin əvvəlində Almaniyada YUNESKO-nun Gənclər İnstitutunun seminarı zamanı formalaşmağa başlayıb. Beynəlxalq İdman Elmi və Bədən Tərbiyəsi Komitəsinin (ICSSPE) rəsmiləri, eləcə də Beynəlxalq İdman Mətbuatı Assosiasiyasını (AIPS) təmsil edən jurnalistlər ədalətli oyunun təşviqi üçün birgə fəaliyyət imkanlarını müzakirə etmək məqsədilə müzakirələrə başlayırlar.
Yeni təşəbbüs 1960-cı ildə Romada keçirilən Olimpiya Oyunlarında baş vermiş faciəli hadisədən sonra irəli sürülür. Həmin vaxt "hər vasitə ilə qalib gəlmək” münasibəti insan həyatına ilk zərbəni vurmuşdu. Danimarkalı velosipedçi Knud Yensen qadağan olunmuş performansı artıran maddələrdən istifadə etməsi nəticəsində dünyasını dəyişmişdi. Bu sarsıdıcı hadisə idman dünyasını dopinqin təhlükələri ilə yanaşı, rəqabətdə getdikcə şovinizm, zorakılıq üstünlük təşkil etməyə başlayırdı. Şübhəsiz, idman bütün bu qorxulu yeni meyillərdən qorunmalı idi. Məhz bu səbəbdən danışıqlar nəticəsində idmanda şərəfli əməlləri ictimaiyyətin diqqətinə çatdırmaq üçün "Pierre de Coubertin Fair Play” mükafatının təsis edilməsi qərara alınır.
1963-cü il dekabrın beşində Parisdə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AlPS), İdman Elmi və Bədən Tərbiyəsi üzrə Beynəlxalq Komitənin (ICSSPE) və beynəlxalq basketbol, futbol, reqbi, güləş federasiyalarının nümayəndələri birlikdə "Pierre de Coubertin Fair Play” mükafatlarının Təşkili üzrə Beynəlxalq Komitəsini yaradır. 1920-ci illərdə "Dörd Müşketyor" ləqəbi verilmiş əfsanəvi dörd fransız tennisçidən biri olan Jan Borotra Komitənin prezidenti seçilir.

Ədalətli oyunla bağlı ilk mükafatlandırma mərasimi isə 1965-ci ildə keçirilib. "Pierre de Coubertin Fair Play Trophy”ni ilk dəfə italyan bobsley (buz üstündə sürülən ikinəfərlik kirşə) yarışçısı Eugenio Monti qazanıb. 1964-cü ildə İnsbruk Qış Olimpiya Oyunlarının finalında Monti ən yaxın rəqibi britaniyalı Toni Neşi böyük vaxt fərqi ilə qabaqlayır (kirşədə iki nəfər yer alır). Halbuki Neş onu üstələməyə və finiş xəttini birinci keçməyə daha yaxın idi. Ancaq Monti, rəqibinin kirşəsinin bir hissəsini sındırdığını bildiyi üçün tərəddüd etmədən özünün sürdüyü vasitənin də eyni hissəsini ayırır və böyük vaxt fərqi ilə rəqibin qızıl medal qazanmasına şərait yaradır. Nəticədə idmançı ilk feyr pley mükafatını qazanır.
1973-cü ildə təşkilatın adı dəyişdirilərək Beynəlxalq Ədalətli Oyun Komitəsi (CIFP) qoyulur. Təbii ki, ad dəyişikliyinə baxmayaraq, əsasnamədəki məqsədlər eyni qalır. CIFP-nin məqsədi ədalətli oyun ruhuna və onun təmsil etdiyi dəyərlərə hörməti qorumaq və təşviq etməkdir. Bu, təkcə elit idman deyil, həm də gündəlik həyatda, xüsusən də yazılmış və yazılmamış qaydalara hörmət, zorakılıqdan, dopinqdən isə imtina etmək üçün idi. Ədalətli oyunla təmsil olunan dəyərlərin təbliğatı üçün CIFP idmançıların, məşqçilərin, idman menecerlərinin, valideynlərin, tibb işçilərinin, bədən tərbiyəsi müəllimlərinin, idman təşkilatlarının və hakimlərin davranışlarına, metodlarına, sosial və etik roluna təsir göstərməyi hədəfləyir. CIFP öz işini Beynəlxalq Olimpiya Komitəsi, UNESCO, müxtəlif ixtisaslaşmış idman federasiyaları, dünya üzrə milli olimpiya komitələri və əlillər üçün bədən tərbiyəsi və idmana bağlılığı olan bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. CIFP-nin əsas rolu ədalətli oyunun öyrədilməsi və ona zidd davranışların qarşısının alınmasıdır. Bu məqsədlə CIFP-nin fəaliyyətinə müxtəlif növ tədbirlərin təşkili, nəşrlərin paylanması, ədalətli oyun ruhunu nümayiş etdirən idman davranışının tanınması üçün illik mükafatların verilməsi və idmanda ədalətli oyunun təbliğat və təşviqatı daxildir.
Hazırda Ümumdünya Ədalətli Oyun Mükafatları (CIFP) gözəl ədalətli oyun və ya görkəmli karyeralarına görə dünyanın hər yerindən seçilmiş idmançılara və fərdi şəxslərə verilir. Mükafat qalibləri arasında bir çox məşhur kişi və qadın çempionlar, eləcə də az tanınan idmançılar, yeni başlayanlar və gənclər var. Hansı ki, onlar ədalətli oyunun nəyin bahasına olursa-olsun, qələbədən daha vacibliyinə inanırlar. Onların hamısı dünya üzrə milyonlarla idmançı üçün ideal nümunələrdir. Mükafatın qalibləri arasında tanınmış şəxslərdən Sergey Bubka (atletika), Kipçoq Keyno (atletika), Emil Zatopek (atletika), Laslo Papp (boks), Migel Indurayn (velosiped), Ser Bobbi Çarlton (futbol), Veyn Qretzki (buzda xokkey), Stefan Edberq (tennis), Pit Sampras (tennis), həmçinin Fransanın məşhur nəşri "L'Equipe” (qəzet) də yer alıb.
Səbuhi Həsənov

