“Sumqayıt” Futbol Akademiyasında sağlam vətəndaş yetişdirmək olar? - FOTOLAR

28 İyul 2021 13:00 Araşdırma 1 289
“Sumqayıt” Futbol Akademiyasında sağlam vətəndaş yetişdirmək olar? - FOTOLAR

Azərbaycanda uşaq futbolunda vəziyyətin qənaətbəxş olduğunu iddia etmək mümkün deyil.

Uşaq futbolunda infrastruktur, demək olar ki, qurulmayıb.

Bəzi iş adamlarının səyi nəticəsində qurulan infrastruktur da sonradan dağıdılıb.

Bu gün Azərbaycanda cəmisi bir neçə futbol məktəbi var ki, orada gənclərin sağlam yetişdirilib, cəmiyyətə, ölkəyə fayda vermələri üçün münbit şərait var.

Belə akademiyalardan biri də "Sumqayıt" Futbol Akademiyasıdır. Sportinfo.az-ın budəfəki həmsöhbəti akademiyada çalışan uşaq məşqçisi Məhəmməd Əliyevdir.

Peşəkar idmançı olmaq vacib deyil

Məhəmməd müəllim deyir ki, cəmiyyət üçün sağlam vətəndaş olmaq üçün peşəkar idmançı olmaq vacib deyil: “Bunun üçün gündəlik qida rasionumuzu seçdiyimiz kimi, həvəsimiz olan hər hansı idman növünə də vaxt ayrılmalıyıq. Çünki sağlam düşüncə sağlam bədəndə olar. Bədən sağlam olanda, həm düşüncə sağlam olur, həm də yaxşı qan dövranı sayəsində yorğun olmyaan beynin düşünmə sürətinin funksionallığı artırır. Bununla cəmiyyətin istənilən sahəsində özünü inamla təsdiq edən vətəndaş ola bilərsən. Peşəkar idmanda isə təbii ki, illərlə etdiyin məşqlərin nəticəsində həm fiziki, həm də psixoloji amillər sayəsində təkmilləşirsən. Bundan sonra beynəlxalq miqyasda qazanılan nəticələrlə cəmiyyətə, ölkəyə idmanın nə qədər yararlı olduğunu nümayiş etdirirsən. Əbəs yerə "sağlam bədəndə sağlama ruh olar" deyilmir. Bu da sağlam vətəndaşın cəmiyyətə nə qədər faydalı olduğunu bir daha isbatlayır”.

“Sumqayıt” Futbol Akademiyasının fəlsəfəsi

Müəllim vurğuladı ki, "Sumqayıt" Futbol Akademiyası da hər bir işə peşəkar yanaşır. Rəhbərlik əlindən gələn hər şeyi edir ki, ya üz tutan uşaqlar, öncə cəmiyyət üçün yetişsin və peşəkar idmançı kimi inkişaf etsin: “Akademiyamız bu istiqamətdə bir çox yeni addımlar atıb. Koordinatorumuz Hakan Sunalın səyləri nəticəsində akademiyanın fəlsəfəsi var. Strukturlu iş prinsipi bizim fəlsəfənin vacib amilidir. Artıq ötən ildən akademiyada 5-6 yaş üzrə qruplar da fəaliyyətə başlayıb. Hər yaş qrupunun da özünə xas olan diqqət edəcəyimiz məqamlar var. Ən önəmlisi, təhsil və cəmiyyət üçün vacib olan davranışlara diqqət edilir. Hər bir uşaq başqa-başqa ailədən gəlir. Hər ailədə fərqli tərbiyə ala bilərlər. Lakin biz məşqçilərin vəzifəsi onları doğru şəkildə yönləndirmək və cəmiyyət üçün yararlı fərd olmalarına vasitə ola bilməkdir. Futbolçu kimi inkişaf etmələri üçün isə daha çox toplu çalışmalara üstünlük verir, texniki bacarıqlarının inkişafına cəhd göstəririk. Uşaqlar üçün konfrans zalında taktiki dərslər keçirilir. Futbolun inkişaf üçün yeni prinsipləri mənimsəyərək uşaqlara öyrətməyə çalışırıq”.

Məşqçilərin üzərinə düşən məsuliyyət

Məhəmməd Əliyev deyir ki, gənc nəslin tərbiyəsi, sağlam olması yönündə biz məşqçilərin də üzərinə böyük məsuliyyət düşür: “Çalışırıq ki, onlara bu işin peşəkarlığını yüksək səviyyədə çatdıraq, həm də azyaşlı uşaqların gələcəkdə cəmiyyət üçün sağlam vətəndaş olmalarının təməlinin atılmasında vasitə ola bilək. Rəhbərlik hər bir şəraiti yaradıb. İnfrastruktur baxımından akademiyamız yaxşı qurulub. Uşaqların məşqlərə gəlib-getməsi ilə bağlı valideynlər əziyyət çəkmir. Məşq saatları uşaqların dərslərinə mane olmasın deyə, hər incəliyə kimi düşünülüb. Uşaqlar ilin hər mövsümünə uyğun idman geyimləri ilə təmin edilir. Məşqçi, həkim və texniki işlərlə məşğul olan peşəkar heyətimiz var. Hətta akademiyada həm fərdi, həm də komanda şəklində xidmət göstərə bilən psixoloqlarımız da var. Klub prezidenti Riad Rəfiyev kiçikdən böyüyə qədər hamının problemi ilə maraqlanır və həllinə çalışır. Məncə, bütün bunlardan sonra uşaqların yalnız öz üzərilərində çalışmaları qalır. Biz də bu istiqamətdə hər an öz tövsiyələrimizi verməkdəyik”.

Gələcək üçün proqram

Mütəxəssis vurğuladı ki, gənc məşqçilər də daim futbolun yeniliklərini öyrənməyə və tətbiq etməyə çalışmalıdırlar: “Bizə də hər yaş qrupuna uyğun məsləhətlər verilir. Məşqlərin planları hazırlanır və hər detala fikir verilir. Bu yaxınlarda uşaqların fiziki, texniki, taktiki cəhətdən zəif olan yönlərini inkişaf etdirmək üçün "Talant" adlı fərdi məşq proqramı hazırlanıb. Artıq bu proqramın birinci mərhələdə 8-10 yaşlı qruplarda tətbiqinə başlamışıq. Gələcəkdə bunun nə kimi faydalı olmasına hamımız şahid olacağıq. Belə proqramların sistemli şəkildə öyrənilməsi və tətbiq edilməsi gənc məşqçilərin inkişafında da böyük rolu var”.

Hər idman növünün öz xüsusiyyəti

Məhəmməd bəy qeyd etdi ki, əgər kiminsə peşəkar idmançı olmaq hədəfi varsa, yorulmadan, usanmadan çalışması lazımdır: “Məşqçinin verdiyi tapşırıqları qüsursuz yerinə yetirmək lazımdır. Futbolda atletik keyfiyyətlər böyük rol oynayır. Çünki təmas oyunudur. Bu təmas zamanı fiziki cəhətdən rəqibdən üstün olmaq, bir addım öndə olmaq deməkdir. Əlbəttə, futbolda ağır atletikada olduğu kimi deyil, futbolun tələb etdiyi atletik keyfiyyətlərin üzərində çalışmaq lazımdır. Əks halda, məğlubiyyətlər qaçılmazdır. Bu da mübarizə ruhuna təsir edir. Peşəkar kimi formalaşmaqda problemlər yaradır”.

Xanoğlan İmanov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"