Bundesliqası məhdudiyyətlərlə bərpa olunur - Bu gün

16 May 2020 13:40 Almaniya 483
Bundesliqası məhdudiyyətlərlə bərpa olunur - Bu gün

Avropanın futbol üzrə aparıcı milli çempionatları sırasından ilk dəfə Almaniya Bundesliqası bərpa olunacaq.

Sportinfo.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar martın 13-də dayandırılmış çempionatda bu gün XXVI turun qarşılaşmalarına start veriləcək.

Mərkəzi görüş Dortmundda "Borussiya" və "Şalke" arasındakı Rur derbisinə təsadüf edəcək.

"Leyptsiq" "Frayburq"u, "Auqsburq" "Volfsburq"u, Düsseldorf "Fortuna"sı "Padeborn"u, "Hoffenhaym" "Herta"nı, Frankfurt "Ayntraxt"ı Mönhenqladbax "Borussiya"sını qəbul edəcək. Mayın 17-də isə "Köln" "Maynts"ı, "Bavariya" "Union"u, "Verder" isə "Bayer"i sınağa çəkəcək.

Almaniya çempionatının bərpa olunacağı mayın 6-da məlum olub. Kansler Angela Merkel region rəhbərləri ilə video-konfransdan sonra qərarını açıqlayıb. Ertəsi gün klublar Bundesliqaya mayın 16-dan başlamağa razılaşıblar.

Almaniya Futbol İttifaqı və liqa rəhbərliyi pandemiya şəraitində matçların keçirilməsi üçün müştərək əsasnamə təqdim edib. Bu sənədə bütün oyunların təşkilatçı və iştirakçıları əsaslanacaqlar.

Qarşılaşmalarda meydan və tribunalarda olmaqla, 322-dən çox şəxs iştirak edə bilməyəcək. Komandaların stadiona gəlişləri ciddi nəzarətə götürüləcək.

Futbolçular meydana girərkən məsafəyə ciddi əməl etməlidirlər. Oyunöncəsi kollektiv foto və əlsıxma isə ləğv olunub. Mövsümün sonunadək bütün görüşlər azarkeşsiz keçiriləcək.

Bundesliqada "Ayntraxt" və "Verder" 24, qalan klublar isə 25 oyuna çıxıb. 18 komandanın hər biri 34 matç keçirməlidir. Hazırda turnir cədvəlinə son 7 ilin çempionu "Bavariya" 55 xalla başçılıq edir. Dortmund "Borussiya"sı 51 xalla ikinci, "Leyptsiq" 50 xalla üçüncüdür. Turnir cədvəlini 18 xalla "Verder" və 16 xalla "Paderborn" qapayır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu