"Mənim işləməyimə qadağa qoyacaqdılarsa, niyə əvvəlcədən demədilər?" - FOTOLAR

25 Aprel 01:10 Problem 621
"Mənim işləməyimə qadağa qoyacaqdılarsa, niyə əvvəlcədən demədilər?" - FOTOLAR

“İdman ustalığına namizəd olduğum halda boks dərsləri keçməyim qadağan olunub.

İcazəmi təsdiqləyən sertifkatlarım da var.

Lakin mənə nə dərs keçməyə icazə verirlər, nə də öz vəsaitimlə aldığım avadanlıqlarımı geri qaytarırlar”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “qafqazinfo”ya Qızıldaş qəsəbə sakini Eyvaz Hüseynov deyib.

Şikayətçi bildirib ki, ona məşqçilik fəaliyyəti üçün zal verilsə də, sonradan əlindən alınıb:

“4 ildir ki, bu işlə məşğulam. Sertifikatım olduğu üçün Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində məşqçilik etmək icazəm var idi. Müraciətimə əsasən, mənə zal verdilər. Oranın vəziyyəti yaxşı olmadığı üçün öz büdcəmlə təmir etdirib lazımi inventar aldım. Lakin bir müddət keçdikdən sonra mənə məşq keçmək qadağan edildi. Bununla yanaşı, aldığım avadanlıqlar geri qaytarılmadı”.

E.Hüseynov iddia edir ki, inventara cavabdeh olan şəxsə siyahını göndərib, lakin qarşı tərəf ona zalda sadəcə 500 manatlıq avadanlığın olduğunu deyib:

“Mən əziyyətlə qazanıb xərc çəkmişəm. Bütün xərcin mənə aid olduğunu təsdiqləyən sənədlər var. Həmin siyahını onlara göndərsəm də, bunu qəbul etmədilər. Amma ora 2 min manatdan çox xərc çəkmişəm. Əgər mənim işləməyimə qadağa qoyacaqdılarsa, niyə əvvəlcədən demədilər?! Nəyə görə, oranı təmir etdim? Aidiyyəti qurum işimi həll etmir, müraciətlərimə baxmır. Mənə külli miqdarda ziyan vurublar”.

Zalın ilkin vəziyyəti

Zalın sonrakı vəziyyəti

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumdan saytımıza verilən cavab isə belə oldu: “Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə bir neçə kurs və dərnəklər fəaliyyət göstərir. Nəzərinizə çatdıraq ki, Mərkəzdə bir müddət fiziki inkişaf və özünümüdafiə dərnəyi fəaliyyət göstərib, 2023-cü ilin iyun ayından bu dərnək fəaliyyət göstərmir”.

Fidan Etibar



Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!