Qəribə mənzərə yaranıb.
Ötən mövsümün başa çatmasından təxminən 40 gün vaxt keçib, Premyer Liqanın yeni mövsümünün başlamasına da bir bu qədər vaxt gəlib.
Hər nə qədər qəribə səslənsə də, elitanın üç təmsilçisi faktiki “başsızdır”.
Azər Bağırov “Kəpəz”i “Şamaxı”ya dəyişib, Saşa İliç “Partizan”ın yolunu tutub, Jorj Kaşkilya “İmişli”də qalmaq istəməyib.
Yalnız “Kəpəz”lə bağlı müəyyən mənada aydınlıq var. Klub Azər Məmmədovla razılıq əldə olunduğunu anons edib. Lakin rəsmi müqaviləyə qol çəkilməsi, 50 yaşlı mütəxəssislə hansı müddətə anlaşması barədə rəsmi xəbər yoxdur.
Avrokuboklarda iştirak edəcək klublarımız tədarükünü çoxdan görüb. Baş məşqçilər yerindədir, gedənlər bəllidir, hər ötən gün yeni futbolçular cəlb olunur.
Digərlərinə gəlincə, “Araz-Naxçıvan”la “Turan Tovuz”dakı canlanma göz qabağındadır. “Şamaxı” ilə “Qəbələ”, hətta elitaya yeni gələn “Şəfa” da yeni futbolçularla anlaşdığını açıqlayıb.
“Sumqayıt”, “Kəpəz” və “İmişli” isə susmaqdadır. Biri baş məşqçi tapa bilmir, o biri anlaşmaqda çətinlik çəkir, digəri rəsmi müqaviləyə imza atmaqda tələsmir.
Vəziyyətin bu cür olması sözgedən komandaların növbəti mövsümdə sözün əsl mənasında əziyyət çəkəcəyindən xəbər verir.
Baş məşqçinin gəlişi, yeni futbolçuların cəlb olunması, oyun dəsti-xəttinin qaydasına salınması, xətlərarası əlaqənin yaxşılaşdırılması kifayət qədər zaman tələb edir. Bu və digər prosesləri bir aya sığdırmaq çətin, bir o qədər də mümkünsüz görünür.
Çempionata inamlı başlamaq vacib şərtdir. Yox, büdrəmələr olacaqsa, bu, irəliləyən vaxt kəsiyində ciddi çətinliklərə yol açacaq.
Görünən odur ki, gecikmələr və yubanmalar “Sumqayıt”la digər iki bölgə təmsilçisinə baha başa gələcək.
HƏBİB / SPORTİNFO.AZ

