Portuqaliyalı baş məşqçi Jorj Kaşkilya və onun köməkçiləri ilə yolları ayıran "İmişli" klubu 2026/2027 mövsümündə yerli mütəxəssis və futbolçulara üstün verməyi planlaşdırır.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.
O, keçmiş baş məşqçi ilə yolların ayrılma səbəblərini açıqlayıb və ötən mövsümü qiymətləndirib:
"Ötən mövsüm baş məşqçini dəvət edəndə klub mediada qınaq obyektinə çevrilsə də, debüt ilində qazanılan nəticə qənaətbəxş oldu. Bu uğurda təkcə baş məşqçinin deyil, klub prezidentindən tutmuş sıravi işçiyə qədər bütün kollektivin böyük əməyi var. Baş məşqçi ilə yolların ayrılması isə klubun İdarə Heyətinin qərarı ilə bağlıdır. İşindən narazılıq yox idi, sadəcə, daxildə bəzi məsələlərin daha yaxşı olması hədəflənirdi. Ümumi qiymətləndirmə aparılsa, pis nəticə deyildi. Əsas məqsəd Azərbaycan futboluna daha yaxşı məşqçilər qazandırmaqdır".
Klub rəsmisi yeni baş məşqçi təyinatı və seçilən strategiyadan söz açıb:
"Hazırda yerli mütəxəssislərlə işləmək planlaşdırılır və bu səbəbdən yekun qərar hələ verilməyib. Strategiyamız yerli məşqçiləri yetişdirməkdən ibarətdir. Bundan "Qarabağ" və "Zirə" klubları da uğurla istifadə ediblər. "İmişli" də eyni yolu seçmək niyyətindədir. Bunun nə dərəcədə uğurlu olacağını indidən demək çətin olsa da, əsas düşüncəmiz yerli məşqçi ilə yeni mövsümə start verməkdir. Futbolda hər şey tək məşqçidən asılı deyil. İş düzgün qurulmalı və komandaya lazımi futbolçular cəlb olunmalıdır. Əks halda, ən yaxşı mütəxəssis gətirilsə belə, nəticə qazanmaq mümkün olmayacaq".
İcraçı direktor 2026/2027 mövsümündə qarşıya qoyulan hədəfləri və transfer siyasətini açıqlayıb:
"Əsas hədəf ötənmövsümkü nəticələri daha da yaxşılaşdırmaq və ilk "6-lıq"da yer almaqdır. Ötən il məqsəd Premyer Liqada qalmaq idisə, bu il gənc futbolçuları heyətə cəlb etmək və yeni istedadlar yetişdirmək planlaşdırılır. Bunun həm ölkə futboluna, həm də kluba böyük faydası var. PFL bu istiqamətdə motivasiyaedici addımlar atır və bu imkanlardan maksimum yararlanmaq niyyətimiz var. Yaxşı oyun olanda, bu, nəticəyə də təsir edir. Komandanı gəncləşdirmək və gənc istedadlara şans vermək əsas hədəfdir. Futbolu gəlirli sahəyə çevirmək lazımdır, əks halda onun inkişafı çətin olacaq. Çünki dotasiyaların nə vaxt kəsiləcəyi məlum deyil. Klub olaraq gənc legionerləri və yerli istedadları cəlb edib, onları yetişdirərək digər klublara daha yaxşı qiymətə satmaq üzərində işlər gedir. Ötən mövsüm az sayda legioner olsa da, onlara böyük transfer təklifləri gəlmişdi. Lakin məbləğdə razılıq əldə olunmadığı üçün onlar heyətdə saxlanıldı. Məqsəd bu işləri vahid koordinasiya şəklində qurmaqdır".

