“Bilsəydik ki, büdcəni əvvəlkindən də aşağı salacaqlar, belə etməzdik”

29 Oktyabr 2022 20:20 I Divizion 727
“Bilsəydik ki, büdcəni əvvəlkindən də aşağı salacaqlar, belə etməzdik”

“Bu büdcə ilə klubu əvvəlki kimi saxlamaq mümkün deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zaqatala”nın prezidenti Musa Qurbanov deyib.

Əyalət təmsilçisində kütləvi ixtisar aparılıb - AFFA-nın büdcəni azaltması ilə əlaqədar.

Federasiya I Divizion təmsilçisinə cəmi 200 min manat ayırıb ki, bu da normal fəaliyyət göstərməyə kifayət eləməyib. Odur ki, klubun bir sıra əməkdaşları iş yerini itirib.

Həmçinin aşağı yaş qrupları üzrə komandalar fəaliyyətini dayandırıb, akademiyada çalışan məşqçilər buranı tərk edib. Təhcizat xərcləri də minimuma endirilib.

“Zaqatala” Gənclər və İdman Nazirliyinə müraciət eləyərək, dövlət qurumunun balansında olan yerli Olimpiya Kompleksinin stadionunun illik icarə haqqını (50 min manat) ödəyə bilməyəcəyini bildirib.

M.Qurbanov bildirib ki, vəsait azlığı “Zaqatala”nın gələcəyi ilə bağlı onda narahatlıq yaradıb:

“Futbolçularla daha əvvəl müqavilə bağladığımız üçün onları saxlamalı olduq. Onda gözləyirdik ki, AFFA büdcəni artıracaq, ən azı indikindən iki dəfə çox olacaq.

Bilsəydik ki, büdcəni əvvəlkindən də 100 min aşağı salacaqlar, belə etməzdik. Ayrılan pul əsas komandaya güclə çatır.

Məcbur qaldıq, klubun özündə ixtisar aparmalı olduq, akademiyanın fəaliyyətini dayandırdıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti