"Araz Naxçıvan"dan Divizionla bağlı yeni DƏYƏRLƏNDİRMƏ

25 Oktyabr 2022 17:00 I Divizion 919
"Araz Naxçıvan"dan Divizionla bağlı yeni DƏYƏRLƏNDİRMƏ

«Çempionat bizim üçün maraqlı başlayıb».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz Naxçıvan»ın baş məşqçisi Azər Bağırov deyib.

8 illik aradan sonra ölkənin futbol səhnəsinə dönən Muxtar Respublika təmsilçisi I Diviziona əla start verib.

İlk 7 turda qələbələri sıralayan bölgə komandası ötən həftə ilk dəfə heç-heçə edib. «Qəbələ»nin qonağı olan kollektiv 90+3-cü dəqiqədə qapısında gördüyü qolla 1 xala razılaşıb.

22 xala malik «Araz Naxçıvan» vahid liderdir. Ötən turlar ərzində 23 dəfə fərqlənən klub hamılan az - cəmi 4 dəfə qola üzülüb.

«Pro» kateqoriyalı mütəxəssis bildirib ki, yarışın favoriti olsalar da, onları irəlidə gərgin mübarizə gözləyir:

«Çempionatda hamıdan çox qol vursaq da, deyərdim ki. hələ düşən imkanlardan maksimum istifadə etməmişik. Səhvlərimiz üzərində çalışırıq.

Çempionatın ən qızğın vaxtı birinci dövrənin son oyunları olacaq. Yeni ildən sonra ümumiyyətlə, daha gərgin mərhələ başlayacaq.

Onadək komandalar bir-birlərini yaxından tanıyacaq və heyətlərini daha da gücləndirəcəklər. İkinci dövrəyə daha yaxşı hazırlaşmalıyıq.

Qəbələdə ilk heç-heçəni etdik. İlk hissədə 5-6 yüzfaizlik qol epizdlarından yararlana bilmədik, bu da komandada müəyyən qədər ruh düşkünlüyü yaratdı.

Düzdür, sonra hesabı açdıq və rəqib yalnız axır dəqiqədə ani diqqətsizlikdən yararlandı. Bu da futbolda rast gəlinən haldır.

Uşaqlar o anda final fitinin səslənməsini gözləyirdi. Əlbəttə, bu, nöqsandır və onu aradan qaldırmalıyıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti