Bu mövsümdən Birinci Divizionda iştirakə bərpa olunan kollektivlərdən biri də “İmişli" oldu.
Amma uzun aradan sonra böyük futbola qayıdan bölgə təmsilçisi üçün dönüş heç də düşərli olmadı.
Belə ki, yeni yaranan və sıfırdan yığılan heyətlə komanda yeni mövsümün startında ardıcıl məğlubiyyətlər yaşadı.
İlk 7 turun hamısında uduzan kollektiv vurduğu 5 qolun qarşılığında öz qapısından 28 top buraxdı.
Nəhayət, son turda bölgə klubu 2 aylıq qələbə həsrətinə son qoya bildi.
Doğma meydanda “Zaqatala”nı qəbul edən Ruhid Usubovun yetirmələri inamlı qələbə ilə yadda qalıb – 3:1.
Qarşılamadan sonra rayonun deputatı Razi Nurullayev klubun düşərgəsini ziyarət edib.
Bu barədə Usubov öz sosial şəbəkə hesabındakı paylaşımında məlumat verib.
Gənc mütəxəssislə görüşən Razi bəy qələbə münasibəti ilə onu təbrik edib və gələcək oyunlarda uğurlar arzu edib.
Çalışdırıcı deputatla fotosunu paylaşaraq "Diqqət və qayğınız üçün təşəkkür edirik" sözlərini yazıb.
XANOĞLAN / SPORTİNFO.AZ

