Vaxtilə ölkəmizdə Birinci Divizionla Əvəzedicilərin çempionatı fərqli yarışlar hesab olunurdu.
Hərəsində azı 10 komanda iştirak edirdi və daha çox futbolçu şans qazanırdı.
Sonradan nə düşündülərsə, ikisini turniri Birinci Divizion adı altında birləşdirib həm futbolçu sayının azalmasına, həm də yarışlara marağın azalmasına səbəbkar oldular.
Bu gün divizionda 9-u Premyer Liqa təmsilçilərinin əvəzediciləri, 6-sı isə peşəkar klub olmaqla 15 komanda mübarizə aparır.
Təbii olaraq aşağı dəstədə də yaş limiti var, gənclərin inkişafı düşünülüb. Amma ümumi mənzərəyə baxsaq, komandaların heç də hamısı yaşı 20-21-ə qədər olan futbolçuları düşünmür.
Əvəzedici statusu olmayanlar heç, onların heyətində saç-saqqalı ağarmış təcrübəlilər kifayət qədərdir.
Təəssüflər olsun ki, Premyer Liqanın “ikinciləri” də bəzən yaşlı 23, 25, 28 olanlara şans verir ki, belədə qüvvələr nisbəti pozulur, gənclərin inkişafının qarşısı alınır.
Qarabağ-2
Əsas komandası çempionluq uğrunda mübarizə aparan əvəzedicilərin heyətində kifayət qədər və yeniyetmənin adına rast gəlmək mümkündür. Baş məşqçi Cavad Mirzəbəyli 2003-2006-ci illər aralığında doğulan xeyli sayda futbolçunun xidmətindən yararlanmağa, təcrübə qazandırmağa çalışır. Di gəl, onlarla yanaşı təcrübəlilər də var. 2 nəfər 1999, 1 nəfər isə 1996 təvəllüdlüdür. Yaş 20-21-i ötəndə, həmin futbolçu əvəzedici komanda üçün “qoca” sayılır.
Neftçi-2
Çempionatın ən gənc komandası hesab olunur. Rəşad Abdullayev əvəzedici komandanın baş məşqçi postunda Mahmud Qurbanovu əvəz edəndən sonra ötən mövsüm U-19 komandasında birlikdə çalışdığı və yaxından tanıdığı gənclərlə yola çıxıb. Abdullayevin sərəncamında 1 nəfər də olsun 90-cı illərdə anadan olan futbolçu yoxdur. Təsəvvür edin, komandanın ən yaşlı futbolçusu 2000-ci il doğumludur.O da 1 nəfərdir. Heyətin 80 faizi 2003-2005 təvəllüdlü oyunçulardan qurulub. 2006 doğumlu – 16 yaşlı Murad Məmmədov da Abdullayevin güvəndiyi adlardandır. Turnirin ən gənc komandası “divizion”da meydana çıxdığı 4 oyunun 3-də qələbə qazanıb, yalnız ilk turda çətin Mingəçevir səfərində şəhərin eyniadlı komandasına mğlub olub.
Qəbələ-2
Vaxtilə akademiyasında yetişən futbolçuları ilə ölkəyə səs salan klubun əvəzediciləri bu gün də gənclərə etimad göstərməkdə davam edir. Bölgə təmsilçisinin “ikincilər”i yaş ortalamasında “Neftçi-2”dən az fərqlə geri qalsa da, heyətdə kifayət qədər gənc oyunçu görmək mümkündür. Heyətdəkilərin böyük əksəriyyəti 2001-2005-ci illər arasında anadan olanlardır. Famil Xəlilovun sərəncamında 1 nəfər 1998, daha 1 nəfər isə 2000 doğumlu futbolçu var. “Qırmızı-qaralar” 5 oyundan sonra aktivinə 9 xal yazdırmaqla ön pillələrdə qərarlaşıb.
Zirə-2
Əvəzedicilər arasında yaş ortalamasına görə ən yaşlı komandalardandır. Azər Məmmədovun sərəncamında 2001-2006 illər aralığında dünyaya gəlmiş kifayət qədər oyunçu var. Amma onlarla yanaşı nisbətən təcrübəlilərə də rast gəlmək olur. Süleyman Süleymanov 24, Ağarəhim Kərimov 23, Nail Alışov, Nizami Səmədov, Xəqani Sadıxov və Tahir Zeynalov 22 yaşını tamamlayıb. Təcrübəlilərin çoxluğuna baxmayaraq, “qartallar” 4 oyundan sonra aktivinə 7 xal yazmağı bacarıb.
Turan Tovuz-2
Vaxtilə futbolçu yetişdirməsi və gənclərə şans verməsi ilə ad çıxarmış Tovuz futbolunda bu gün də gənclər şans qazanır. Lakin “Turan-2”də meydana çıxan futbolçuların əksəriyyətinin yaşı 21-in üzərindədir. PFL-ə göndərilən sifariş ərizəsində 2005-2005 təvəllüdlü gənclərin sayı vur-tut 10 nəfərdir. Onlarla yanaşı 2000, 1999, hətta 1995-ci il doğumlular da Nizami Ocaqverdiyevdən şans gözləyir. Təcrübəlilərin çoxluğu komandanın 4 oyundan 9 xal toplayaraq yuxarı pillələrdə yer almasına səbəb olub.
Səbail-2
Əvəzedicilər arasında daha bir yaşlı komanda “dənizçilər”dir. Baş məşqçi Asif Mirilinin sərəncamında yaşı 20-yə qədər olan bir neçə gənc görmək mümkündür. Amma komandanın özəyini 2000-2002-ci il doğumlular təşkil edir. Təcrübəlilərin çoxluğuna baxmayaraq, Bayıl təmsilçisi 4 oyundan cəmi 6 xal toplaya bilib.
Kəpəz-2
4 illik fasilədən sonra Premyer Liqaya qayıdan klubun əvəzedicilərində 2003-2005 təvəllüdlü oyunçular var. Ancaq Xaliq Mərdanovun əsas ümid mənbəyi nisbətən təcrübəlilərdir. Həmin təcrübəlilər isə yaşı isə 21-in üzərindədir. Komandada 8 nəfərin yaşı 21-23 aralığında dəyişir. Buna baxmayaraq, gəncəlilər meydana çıxdığı 5 oyundan cəmi 1 xalla ayrılmağı bacarıb.
Sumqayıt-2
“Divizion”un ən gənc komandalarından biridir. Komandada 1997 və 2000-ci illərdən 1, 2001-ci ildən 2 nəfər var. Digər oyunçuların yaşı 21-dən azdır. Baş məşqçi Vüqar Quliyev 2007 doğumlu, 16 yaşı apreldə tamam olacaq Toğrul Tapdıqlıya şans vermək üçün onu komandasına cəlb edib. “Sumqayıt-2”nin özəyini 2002-2005 doğumlular təşkil edir. Gənclərin çoxluq təşkil etdiyi kollektivin 4 görüşdən sonra aktivində 3 xalı var.
Şamaxı-2
Bölgə təmsilçisi statusu ilə mübarizə aparan komanda gənclərlə təcrübəlilərin vəhdətini təşkil edir. “Şamaxı-2”də 1997, 1998, 1999 və 2000-ci il təvəllüdlü bir necə futbolçu çıxış edir.
Onlarla yanaşı 2004, 2005, hətta 2006-cı ildə anadan olanlar da var. Zaur İsmayılovun çalışdırdığı komandadan bir neçə nəfərin əsas komandanın məşq və oyunlarına cəlb olunduğunu nəzərə alsaq, nisbətən yaşlıların varlığını anlamaq çətin deyil.
Bölgə təmsilçisinin 5 matçdan cəmi 7 xal topladığını da xatırladaq.
Göründüyü kimi, əvəzedicilər statusu ilə mübarizə aparan komandalarda yaşı 21-i adlamış xeyli sayda oyunçu var.
Halbuki onlar əsas komandalara cəlb olunmalı, aşağı yaş qruplarından gələn gənclərə yol açılmalıdır. Təəssüf ki, bu, heç də bütün komandalarda nəzərə alınmır.
Yerli futbolçuların inkişafını istəyiriksə, bu kimi məqamlar mütləq nəzərə alınmalıdır. Komandanın adının qarşısına “2” qoyub, 22, 23, 25 yaşlı futbolçulara güvənmək yaxşı heç nə vəd etmir.
HƏBİB / SPORTİNFO.AZ
QEYD: Yazıda ilk 5 turun göstəriciləri nəzərə alınıb.

