Dünən “Mançester Yunayted“də, bu gün ermənilərlə döyüşdə - “Kəpəz”in Qəhrəmanov qardaşları

18 Yanvar 23:20 I Divizion 926
Dünən “Mançester Yunayted“də, bu gün ermənilərlə döyüşdə - “Kəpəz”in Qəhrəmanov qardaşları

Sərxan və Ələddin Qəhrəmanov qardaşları Vətən müharibəsində qələbədə pay sahibi olan əsgərlərdəndir.

Sportinfo.az xəbər verir ki, onların hər ikisi “Kəpəz”də futbolçu yolu keçib.

Klubun məşqçisi Məhəmməd Məmmədovun rəhbərliyi altında futbola başlamış qardaşlar “sarı-göylər”in müxtəlif yaş qrupları üzrə komandalarında çıxış ediblər.

Sərxan U-19-a, Ələddin isə U-17-yə kimi yüksəlib. Sonuncu “Mançester Yunayted” məktəbinə seçimlərin qalibi də olub.

Hərbi xidmət üçün məlum yaş həddinə çatdıqdan sonra orduya yollanan Qəhrəmanovlar futbola fasilə veriblər. Torpaqlarımızın azadlığı uğrunda müharibə başlayanda ordudan yeni təxris olunan Sərxan könüllü kimi Silahlı Qüvvələrin sıralarına yazılıb.

Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Əməliyyatların birində qəlpə yarası alaraq yaralanıb. Müalicəsi başa çatdıqdan sonra evə buraxılıb.

Ələddin isə hazırda həqiqi hərbi xidmətdə olduğundan ordu sıralarındadır. Klubda hamının “Alyoş” kimi çağırdığı gənc Füzuli, Hadrut, Xocavənd və Qubadlıda döyüşüb.

Topçudur, döyüşlərdə göstərdiyi şücayətlərin qarşılığı olaraq “Füzulinin azad olunması görə” və “Xocavəndin azad olunması görə” medalları ilə təltif edilib.

“Kəpəz” rəsmiləri Qəhrəmanovlar ailəsinə baş çəkərək qazi ilə görüşüblər. İcraçı direktor İlqar Nadiri belə vətən oğulları ilə hamının qürur duyduğunu, döyüşlərdə rəşadət göstərən qardaşların “Kəpəz” ailəsinin üzvü olmasının onlar üçün sevindirici olduğunu bildirib.

Klub rəhbəri qazi olan Sərxanın tezliklə sağalmasını, Ələddinin isə sağ-salamat xidməti başa vuraraq evə dönməsini arzulayıb.

Sərxan Qəhrəmanov müharibədən danışarkən ağır yaralandığı zaman onu atəş altında olan döyüş meydanından çıxaran hərbçi yoldaşlarının – Yüksəl Əlizadə və Rəşad Babayevin sonradan şəhid olmasına üzüldüyünü bildirib.

Onların ən uca məqama yetişməsi ilə torpaqlarımızın azadlığına qovuşduğunu, şəhidlərin ən yüksək hörmət və ehtirama layiq olduğunu qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti