“Arsenal”ın “Zirə”dəki yetirməsi Sportinfo-ya danışdı - MÜSAHİBƏ

16 Yanvar 2020 13:46 Zirə 1 291
“Arsenal”ın “Zirə”dəki yetirməsi Sportinfo-ya danışdı - MÜSAHİBƏ

“Zirə”nin yeni transfer Ali Sisay Sportinfo.az-a müsahibə verib.

- “Zirə”yə keçidinizlə bağlı təəssüratlarınızı bilmək istərdik.
- “Zirə” ilə müqavilə imzaladığıma görə xoşbəxtəm.

- Maraqlıdır, transfer necə baş tutdu?
- Menecerim əlaqə saxladı və klubun mənimlə maraqlandığını dedi. Mən də təlim-məşq toplanışında komandaya qoşuldum. Bir yoxlama oyunu keçirdikdən sonra müqavilə bağladıq.

- “Zirə”yə gələnə qədər futbolumuz, yeni klubunuz haqda məlumatınız var idi?
- Düzünü desəm, “Zirə”ylə bağlı heç bir məlumatım yox idi. Bu, komandayla ilk tanışlığımdır. Azərbaycan futbolu haqqında çox informasiyam yoxdur. Amma Syerra Leone millisindən komanda yoldaşım Con Kamara Premyer Liqanın səviyyəsinin yaxşı olduğunu demişdi. “Qarabağ” haqda məlumatım var idi. Yaxşı komanda olduğunu bilirəm. Həmçinin “Neftçi” ilə bağlı da eyni sözləri deyə bilərəm. Millidən sabiq komanda yoldaşım Julius Vobay orada forma geyinib.

- “Arsenal”ın yetirməsi olsaz da, əsas komandada bir oyun belə, keçirməmisiz. London klubundan sonra “Lester”ə getmisiz və orada da eyni aqibətlə üzləşmisiz...
- “Arsenal” və “Lester” kimi yüksək səviyyəli komandalarda mənim kimi gənc bir futbolçunun start heyətdə olması çətin idi. Amma mən həmin komandalardakı yoldaşlarımdan çox şey öyrənmişəm.

- Son 4 ildə 7 klub dəyişməyinizin səbəbi nədir?
- Çıxış etdiyim klublardan daha yaxşılarında oynayacağıma inanırdım. Ona görə də özümü digər komandalarda da sınamaq istədim.

- Son klubunuz Bolqarıstan təmsilçisi “Arda” olub. 2019-cu ilin yayında keçdiyiniz komandada cəmi 1 oyun keçirmisiz. Bu, nə ilə bağlıdır?
- Orada klub prezidenti və baş məşqçi arasında müəyyən anlaşmazlıq var idi ki, bu da mənim meydana az çıxmağıma təsir edirdi.

- “Zirə” haqda fikirləriniz necədir? Hədəfləriniz komandanın qarşısına qoyduğu vəzifələrlə üst-üstə düşür?
- Klubun və mənim iddialarımız eynidir. Hər zaman üzərimdə çalışıb, inkişaf etmək istəmişəm. Məqsədim “Zirə”də də eynisini etməkdir.

- Niyə məhz “Zirə”?
- “Zirə”nin iddialı kollektiv olduğunu gördüm və buna görə bu komandanı seçdim. Düşündüm ki, mən kluba, komanda da mənə kömək edə bilər. “Zirə”dəki şəraitdən məmnunam. Burada məşqlər yüksək səviyyədə keçir. Məşqçilər və komandayoldaşlarım özümü burada rahat hiss etməyim üçün köməklik edirlər. Məqsədim “Zirə”nin qarşıya qoyduğu hədəflərə çatmaqda əlimdən gələni etməkdir.

- Syerra Leone millisinə cəmi 5 dəfə dəvət almısız. Son illər isə yığmadan kənarda qalırsız. “Zirə”yə keçməklə milliyə qayıdacağınıza inanırsız?
- Milli komanda üçün önəmli futbolçuyam. Burada olduğum müddətdə sabit çıxış etsəm, təbii ki, dəvət alacam. Hazırda Azərbaycanda oynayan Kamara daim yığmaya çağırılır.

- Karyeranızla bağlı növbəti hədəf nədir? “Zirə”yə tramplin kimi baxırsız, yoxsa burada uzun müddət qalmaq istərdiz?
Mənim üçün önəmli olan bacardığım qədər yüksək səviyyədə çıxış etməkdir. Buna qadir olduğumu hiss edirəm. Ammailk məqsədim “Zirə”nin avrokubok mübarizəsinə töhfə verməkdir.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"