
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən I-IV qruplar üzrə qəbul imtahanına ikinci cəhdin nəticələri açıqlanıb.
“Zirə”nin U-17 komandasının üzvü Əbülhəsən Məmmədov da imtahanda yüksək nəticə göstərib.
Onun maksimum nəticəyə cəmi 3 balı çatmayıb. 697 bal toplayan Əbülhəsən Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasında oxumaq istəyir.
Ə.Məmmədov Xətai rayonu 64 nömrəli tam orta məktəbi fərqlənmə atestatları ilə bitirib. Blok imtahanında isə 400 bal toplayıb.
Nəinki peşəkar futbolla, idmanın digər növləri ilə məşğul olan şəxslərin təhsilə zaman ayırmaları tez-tez rast gəlinən nümunə deyil.
Potensialı yüksək olan futbolçuların böyük əksəriyyəti savad baxımından “axsayır”. Həqiqətənmi futbolla məşğul olanda elmə vaxt qalmır?
Əbülhəsən Məmmədov bu haqda Sportinfo.az-a açıqlama verib:
“Özümlə bağlı deyim ki, futbolla 8-9 ildir məşğul oluram. Və son 3 ildə hazırlıqlara getməklə yanaşı, məşqlərdə iştirak etmişəm, oyunlarda meydana çıxmışam.
Buna qədər isə həm futbola, həm də məktəbə gedirdim. Hər şey insanın öz əlindədir. İstək olanda, çatdırmaq olur.
Sadəcə, digər məşğuliyyətləri nisbətən azaltmaq lazım gəlir. Valideynlərlə söhbətdə təhsil və futbol mövzusunda fikir ayrılıqları yaranmır.
Hər zaman dəstək görmüşəm. Belə olmasaydı, bu gün futbol oynamazdım.
Özləri də görürlər ki, eyni anda ikisinin də öhdəsindən gəlməyi bacarıram.Bir çox hallarda qərar verməyi öz öhdəmə buraxırlar”.