“Qorxmuram, bundan zövq alıram” – “Zirə”nin legioneri inamlı danışdı

30 İyul 16:40 Zirə 379
“Qorxmuram, bundan zövq alıram” – “Zirə”nin legioneri inamlı danışdı

Avrokubok təmsilçilərimizdən ən çətin durumda olanı “Zirə”dir.

Digər komandalar ilk oyunu qələbə ilə başa vursa da, “qartallar” Bakıda “Hayduk”un müqavimətini qıra bilmədi – 1:1.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv cümə axşamı Splitdə xorvat azarkeşlərin qarşısında, üstəlik, kifayət qədər ciddi itkilərlə meydana çıxacaq.

Sportinfo.az-a açıqlama verən “Zirə”nin yarımmüdafiəçisi Rikardo Martins Quimarayeş (Quima) cavab görüşü ilə bağlı fikirlərini dilə gətirib:

“Şəxsən öz adımdan deyə bilərəm, rəqibin azarkeş kütləsi məni qorxutmur. Əksinə, bundan zövq alıram.

Düşünürəm ki, komanda yoldaşlarım da bu cür düşünməlidir. Həm fərdi, həm də komanda oyunu baxımından 20-30 min azarkeşin qarşısında keyfiyyət göstərmək üçün yaxşı imkandır.

“Hayduk” azarkeşlərinin sayının çox olması bizə əlavə motivasiya verməlidir.

O ki qaldı itkilərə, yəqin ki, məşqçilər heyəti bununla bağlı nələrsə fikirləşəcək. Söhbət ümumi komandadan gedirsə, birimiz hamımız, hamımız birimiz üçün oynamalıyıq.

Meydana çıxan hər kəs canını qoymalıdır ki, sonda sevinən tərəf olaq. Bacaracağımıza inanıram”.

İyulun 31-də “Polyud” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti