
Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” - “Hayduk” matçından öncə rəqib komandanın baş məşqçisi Qonzalo Qarsiya Sadıqovun mətbuat konfransı keçirilib.
Sportinfo.az xəbər verir ki, Split klubunun çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb.
"Avrokuboklar başlayır, rəqabət aparmağa hazırıq. "Zirə" də güclü rəqiblərdən biridir. Ölkəni də bəyəndik, sabahkı oyunda yaxşı nəticə istəyirik".
- "Zirə"nin baş məşqçisi artıq uzun illərdir ki, komandasına rəhbərlik edir. Siz isə yenisiz "Hayduk"da. Bu, sabahkı matçda rəqib üçün üstünlük ola bilər?
- Əlbəttə ki, bunlar vacib faktlardır. Rəşad Sadıqov 5 ildir ki, "Zirə"nin baş məşqçisidir. Komanda onun istədiyini bilir, formalaşmış kollektivə qarşı oynayacağıq. Biz yeni komandayıq, yeni-yeni formalaşırıq. İdeyaları həyata keçirmək üçün işləyirik. "Zirə"nin uzun müddətdir ki, eyni baş məşqçisi var. Demək ki, klub planlı şəkildə hərəkət edir.
- "Zirə"ni analiz etmisiz. Sizcə, "Hayduk" güclüdür, yoxsa "Zirə"?
- Şanslar bərabərdir. "Zirə"də müsbət məqamlar var, uzun müddətdir ki, birlikdə çıxış edirlər. Bizdə isə cavan və ac oyunçular var.
- İvan Rakitiç artıq karyerasını bitirib. Onun futbolçu karyerasını bitirməsi sizin üçün itkidir?
- Əlbəttə ki, Rakitiçin meydanda olması müsbət hal olardı. Top oyunçudan söhbət gedir, uzun illər yüksək səviyyədə çıxış edib. Ümid edirik ki, o yeni rolunda bizə kömək edəcək. Belə oyunçunu itirmək keyfiyyəti aşağı salır.
- "Zirə"də xüsusi diqqət yetirdiyiniz oyunçu var?
- Xeyr. Biz fərdlərə baxmırıq. Adətən rəqibə görə hazırlaşırıq. Rəqibdə güclü, təcrübəli oyunçular var. Giorgi Papunaşvili, Junior Martinşin də adını çəkə bilərəm. Keyfiyyətli oyunçulardır. Amma biz rəqibə kollektiv kimi hazırlaşırıq. Öz oyunçularımızın bacarığına fikir veririk.
- "Hayduk"a yeni baş məşqçi təyin edilmisiz. Ötən mövsümkü komanda ilə indiki arasında nəyi dəyişmisiz?
- Yaxşı sualdır. Məni kluba dəvət edəndə, istək o idi ki, komanda hücumameyilli futbol oynasın, topa nəzarət etsin. Bu o demək deyil ki, məndən qabaq bunlar yox idi. Bunları əvvəl də həyata keçirirdilər.
- “Hayduk”un son illərdə avrokuboklardakı əvvəlki çıxışlarına baxanda, uğursuz nəticələri olub. “Qzira Yunayted”, “Rujemberok”, “Tobol” oyunları var. Bu məqam sizi narahat edir? Favorit göründüyü oyunlarda uduzması, mərhələni keçə bilməməsi?
- Bu, reallıqdır. 15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir. "Hayduk" böyük klubdur, kifayət qədər azarkeş kütləsi var. Dediyiniz məqamın müəyyən təsiri ola bilər. Amma daha çox oyunçu və baş məşqçiyə təsir etmir, biz hər dəfə sıfırdan başlayırıq, oyuna hazırlaşırıq. Keçmişdə nə baş veribsə, baş verib. Bu gün məşq edib, sabah oynayacağıq.
- "Hayduk"da müdafiədə, "Zirə"də isə hücum xəttində itkilər var. Bu, sizin komandaya necə təsir edəcək?
- Əlbəttə ki, bütün heyətin sərəncamında olması daha yaxşıdır. Yaxşı komandalar belə hallarda daha yaxşı çıxış etməlidir. Buna hazır olmalıyıq. Oyunçular fərqli səsəblərdən oynamır. Əlimizdə olan oyunçularla bu məsələləri aradan qaldırmağa çalışacağıq.