
«Zirə»nin hücumçusu Rafael Utziq Azərbaycana dönüb.
Klubun FİFA-ya şikayət məktubu göndərməsindən sonra «daşı ətəyindən tökən» braziliyalı hazırda düşərgədədir.
Amma əsas deyil, əvəzedici komaqdanın düşərgəsində.
Maydan bəri intizamsız hallara yol vermiş «sambaçı» artıq «dubl»un gündəlik məşqlərində iştirak edir.
«Zirə» onun adını UEFA-ya göndərdiyi iştirak ərizəsinə salmayıb. Bu da o deməkdir ki, Utziq «Hayduk»la Konfrans Liqasının II təsnifat mərhələ oyunlarından kənarda qalacaq.
Klub cənubi amerikalını daxili kodeksə uyğun həm cərimələyib, həm cəzalandırıb. Özbaşınalıq etmiş səbəbkar minimum 4 həftə «dubl»un sıralarındla tər axıdacaq.
Sonra necə olacaq? Bu, Rəşad Sadıqovun verəcəyi qərardan asılıdır.
Baş məşqçi istəsə, geri qayıdacaq. İstəməsə də ki, başqa kluba satılacaq.
Təbii ki, real təklif irəli sürən olsa. Braziliyalı 2 ay çoxsaylı təkliflər aldığını desə də, bugünə kimi bir potensial müştəri «qartallar»ın qapısını döyməyib.
Aydın məsələdir ki, «Hayduk» ciddi rəqibdir. Əksər ekspertlər «Zirə»ni xorvatlarla duelin favoriti saymır.
Rəşad Sadıqov isə ilk gündən üzərində dayandığı pinsiplərə sadiqdir. Həmişə nizam-intizama həssas yanaşan mütəxəssis bu dəmdə də çox diqqətdir.
Heyətdə bir xeyli itkilərin olmasına, Salifu Sumanın satılmasına baxmayaraq, o, Utziqi komandanın sıralarına qatmır.
Doğru da edir. Bu gün Rafaelə güzəştə getsə, sabah bir başqası eyni və yaxud daha pis özbaşınalığa yol verəcək, vəziyyət daha da pisləşəcək, nəzarətdən çıxacaq.
Sadıqov «sambaçı»nı kənarda saxlamaqla hamıya nümunə verir və xəbərdarlıq edir - özünüzü düz aparın, mənim üçün adın heç bir önəmi yoxdur.
SPORTİNFO.AZ