Rəşad Sadıqov təhlükə mesajını verdi: "Ciddi problem yaşayırıq"

1 İyul 23:00 Zirə 398
Rəşad Sadıqov təhlükə mesajını verdi: "Ciddi problem yaşayırıq"

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov müsahibə verib.

43 yaşlı mütəxəssis komandasının “Qarabağ”la yoldaşlıq görüşündə 0:4 hesablı məğlubiyyət haqda sualları cavablandırıb.

- Böyük hesablı məğlubiyyətlə bağlı fikirləriz maraqlıdır.

- Toplanış dövründə ilk yoldaşlıq oyunumuz idi. Birinci matç olduğunu nəzərə alsaq, ümumi durumdan məmnun qaldım. Futbolçular gözlədiyimdən daha yaxşı göründülər. Türkiyədəki hazırlıq mərhələsində fiziki durumumuzu bir az da yaxşılaşdırıb iyulun 23-dəki oyuna hazırlaşacağıq.

- 4 qol buraxmağınız müdafiədəki səhvlərdən qaynaqlanırdı, yoxsa başqa səbəb axtarmaq olar?

- Qol buraxmaq həmişə problemdir. Qollar buraxmaqla yanaşı, qol fürsətlərini də boşa verdik. Bu gün mənim üçün nəticə önəm daşımır. 4:0 udsaydıq da, dəyişən heç nə olmayacaqdı. Vacib olan oyun təcrübəsini artırmaq, səhvlərimizi görmək və onları aradan qaldırmaqdır. Bu qolları rəsmi oyunlarda buraxsaq, hə, bundan ciddi narahatlıq keçirə bilərik.

- Rafael Utziqlə Salifu Sumanın “Zirə”dən ayrılacağı gözlənilir. Vaxt azlığını nəzərə alsaq, “Hayduk”la oyunlarda çətinlik çəkəcəyinizi düşünmürsüz ki?

- Bu baxımdan ciddi problem yaşayırıq. Salifuya görə təkliflər var və danışıqlar davam edir. Hər an komandanı tərk edə bilər. Həmin klublar əsasən avrokuboklarda mübarizə aparanlardır. Onların istəyi Salifunun beynəlxalq matçlarda onlara kömək etməsidir. Bizdə oynayacağı təqdirdə təsnifat mərhələsində başqa kluba kömək edə bilməyəcək. Utziqin komandadan ayrılmaq istədiyini əvvəl də demişdim. Biz də bunu nəzərə alıb onu transferə çıxardıq. Birdən-birə iki hücumameyilli futbolçunun komandanı tərk etmək ehtimalı bizim üçün ciddi itki olacaq.

- Onların əvəzinə transferlər gözlənilir?

- Axtarışdayıq. Lakin problemi qısa müddətdə həll etmək asan görünmür. Hətta yeniləri gətirsək belə, qarşıdakı oyunlara nə dərəcədə hazır olacaqlarının özü böyük sualdır.

- Utziqi transferə çıxarsaz da, müqavilə ilə “Zirə”yə məxsusdur və hazırda kollektivlə birgə olmalıdır. Lakin hələ də Bakıya gəlməyib. Məsələni hüquq müstəvisində həll etməyi düşünürsüz?

- İlk gündən hüquq çərçivəsində tədbirlər görülməkdədir. Klubla müqaviləsi davam edir deyə, məşqlərə qoşulması mümkündür. Gələcəyi təqdirdə burada olmadığı hər günə görə böyük məbləğdə cərimələnəcək. Özünə bu barədə məlumat verilib.

- Ötən yay Avropa Liqasında mübarizə aparırdız deyə, məğlubiyyət təqdirində çıxışınızı Konfrans Liqasında davam etdirmək şansı var idi. Bu dəfə belə bir imkanınız yoxdur. Bu məqam psixoloji gərginlik yaradır?

- Rəqibimizin “Hayduk” olduğunu dərk etsək də, hansısa təzyiqdən söhbət gedə bilməz. Rəqib güclü olduğu qədər biz də özümüzü güclü hesab edirik. Maraqlı oyunlara şahidlik edəcəyimizi düşünürəm.

- Ev oyunlarını keçirmək üçün “Neftçi Arena”nı seçməyinizin səbəbi var?

- Həmin arena ölkədə xüsusən beynəlxalq oyunlar keçirmək üçün bəlkə də ən ideal stadiondur. Kompakt stadionlar bizim kimi, rəqiblərin də motivasiyasını artırır. Əsas səbəblərdən biri “Araz-Naxçıvan”ın da Konfrans Liqasında mübarizə aparması və ev oyunlarını “Liv Bona Dea Arena”da keçirməsidir. Digər səbəb “Neftçi”nin avrokuboklarda iştirak etməməsidir. “Neftçi”yə müraciət etdik və müsbət cavab aldıq. Fürsətdən istifadə edib klub rəhbərliyinə təşəkkür etmək istəyirəm. Fikrimcə, “Neftçi Arena”da oynamadğımız azarkeşlər üçün rahat və maraqlı olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti