
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun iyundakı oyunlar üçün açıqladığı siyahı təəccüb doğurdu.
Hazırda yığmada yer alanlar arasında bir neçə nəfərin adına rast gəlmədik ki, Qismət Alıyevlə Elvin Camalovun olmaması ortaya müəyyən suallar çıxardı.
Yəqin ki, portuqaliyalı çalışdırıcı hansısa meyarlara əsaslanıb.
Bəs, səbəbkar bu barədə nə düşünür? Adını yığma üzvləri arasında görməyəndə nə fikirləşib?
“Zirə”də kapitan sarğısına cavabdehlik daşıyan Qismət məlum mövzu ilə bağlı Sportinfo.az-a danışıb:
“İlk növbədə milli komandamıza qarşıdakı yoldaşlıq görüşlərində uğurlar arzulayıram. Bu suala ən dolğun cavabı baş məşqçi verə bilər.
Heyəti o, müəyyənləşdirir deyə, mənim şərh verməyim düzgün olmaz. Hər bir futbolçu kimi, mən də dəvət alacağımı gözləyirdim.
Lakin adım orda olmadı. Artıq ikinci toplanışdır ki, çağırılmıram. Bəlkə bildiyi nəsə var, bəlkə başqa futbolçuları sınamaq istəyir.
Elvin Camalovla mən çempionat oyununda qırmızı vərəqə aldığımıza görə iki oyunluq kənarda qalmışdıq. Bəlkə də səbəb budur. Nə deyim? Ən yaxşısını baş məşqçi bilir”.
Azərbaycan yığması iyunda iki sınaq matçı keçirəcək.
İyunun 7-də Riqada Latviya ilə qarşılaşacaq seçməmiz 3 gündən sonra “Liv Bona Dea Arena”da Macarıstan millisini qəbul edəcək.
HƏBİB