
“Zirə”nin mövsümlərarası fasilə dönəmi üçün hazırlıq planı məlum olub.
Premyer Liqanı gümüş medallarla başa vuran “qartallar” hazırlığın bir hissəsini vətəndə, digər bölümünü ölkə xaricində keçəcək.
Saytımıza açıqlama verən baş məşqçi Rəşad Sadıqov detallar barədə danışıb:
“Təxmini planımız hazırdır. Lakin istənilən halda mayın 31-də baş tutacaq Azərbaycan kubokunun finalını gözləməliyik. Çünki yekun qərarı həmin oyunun nəticəsinə uyğun verəcəyik.
Bu da Avropa Liqasında, yoxsa Konfrans Liqasında çıxış edəcəyimizlə bağlıdır. Turnirə ya iyulun 10-da ya da 24-də start verəcəyik. Planı buna uyğun quracağıq.
Hardasa 16-17 günlük istirahətdən sonra iyunun 10-12-si aralığında hazırlıqları bərpa etmək fikrimiz var. Təlim-məşq toplanışının bir hissəsini Bakıda, digər bölümünü Boluda keçməyi düşünürük. Artıq bununla bağlı müəyyən hazırlıqlar görülüb”.
Maraq üçün bildirək ki, “Qarabağ” kuboku qazanacağı halda, “Zirə” Avropa Liqasında mübarizə aparacaq.
Kubok “Sabah”a qismət olsa, Sadıqovun rəhbərlik etdiyi kollektiv qüvvəsini Konfrans Liqasında sınayacaq.
HƏBİB / SPORTİNFO.AZ