
“Rafael Utziq komandamızda olduğu ilyarım ərzində “Zirə”yə çox kömək etdi.
İstər ikinci yerin qazanılmasında, istərsə də avrokuboklarda”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov deyib.
Braziliyalı hücumçu karyerasını “Zirə”də davam etdirməyəcək.
Sadıqov Utziqlə aralarında gedən danışığın detalları barədə saytımıza açıqlama verib:
“Utziq həm insani keyfiyyətlərinə, həm də futbolçu bacarığına hörmət etdiyim insanlardan biridir. İkinciliyi təmin edəndən sonra aramızda söhbət oldu.
Bildirdi ki, karyerasında yeni səhifə açmaq üçün “Zirə”dən ayrılmaq istəyir. Biz də rəhbərliklə müzakirə edəndən sonra Rafanı transferə çıxarmaqla bağlı qərar qəbul etdik.
Klubla daha 1 illik müqaviləsi qüvvədə olduğundan, onunla maraqlanan klublar “Zirə”yə müraciət etməlidir. Anlaşma əldə olunsa, klubunu dəyişəcək”.
28 yaşlı futbolçu “qartallar”ın formasında bütün yarışlarda meydana çıxdığı 61 oyunda 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB