
«Zirə»nin baş məşqçisi Rəşad Sadıqov sərt addım atıb.
Daim nizam-intizama xüsusi önəm verən çalışdırıcı Rafael Utziqi komandadan kənarlaşdırıb.
Bunun da tutarlı səbəbi var. Belə ki, 2024-cü ilin əvvəlində “Zirə”yə gələn hücumçu hamını məyus edib.
Braziliyalı funksionerlərlə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib.
İlyarımdır “qartallar“ın formasını geyinən “sambaçı“ Avropa və Asiyadan təkliflər aldığını, bu səbəbdən hələ qüvvədə olan 1 illik müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam vermək fikrinə düşdüyünü bildirib.
Cənubi amerikalı gələn dəvəti qəbul edəcəyi halda, həyatının maddi planda büsbütün dəyişəcəyini söyləyib.
Rafaelin komanda yoldaşlarına soyuq münasibət göstərməsi və məşqlərə həvvəsiz yanaşması Sadıqovun nəzərindən yayınmayıb.
Bütün bunları görən mütəxəssis onu hazırlıq prosesindən kənarlaşdırıb. Braziliyalı indi yalnız qaçış tapşırığını yerinə yetirməklə kifayətlənir.
29 yaşlı forvard karyerası ərzində ölkəsinin “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana”, “Sianorçe” klublarının şərəfini qoruyub.
Ölkəmizdə “Qəbələ”də də çıxış etmiş Utziqin son klubu Cənubi Koreyada “Sunqnam Asan” olub.
SPORTİNFO.AZ