
Başa çatmaqda olan mövsümü ehtiyat oyunçular skamyasında keçirən Tyaqo Silvanın “Zirə”dəki gələcək taleyi müəmmalıdır.
Qəsəbə təmsilçisindəki ilk ilində, hətta ötən yay avrokuboklarda inamlı təsir bağışlayan portuqaliyalı qolkiper cari “futbol ili”ndə lazımınca şans qazanmadı.
Bu isə legionerlərə tətbiq olunan limitə görəydi.
Təbii ki, Tyaqo hazırkı durumundan məmnun deyil. Daha çox şans qazanmaq, özünü göstərmək istəyir. “Zirə” rəsmiləri isə ona yeni müqavilə şərtləri təklif edib.
Səbəbkarın dilindən eşidək:
“Bu dəqiqə konkret nəsə deyə bilməyəcəm. Müqaviləni yeniləmək üçün menecerimlə və baş məşqçi ilə danışmalıyam.
Düşünmək üçün hələ ki, vaxt var. Bəli, “Zirə” sözləşmənin uzadılması ilə bağlı təklif edib.
Yenə deyirəm, qərar vermək üçün fikirləşməliyəm. Mənim üçün çox ağır mövsüm oldu.
Bunun üçün də yaxşı-yaxşı düşünməliyəm. Tələsmək istəmirəm”.
2023/24 mövsümündə Premyer Liqada 35, Azərbaycan kubokunda 6, ötən yay avrokuboklarda 8 oyunda forma şansı qazanan 25 yaşlı qapıçı cari mövsümdə Premyer Liqada 3, Azərbaycan kubokunda 1 dəfə əsas heyətdə yer alıb.
Tyaqo xüsusən avrokuboklardakı inamlı çıxışı zamanı azarkeşlərin rəğbətini qazanmışdı.
HƏBİB / SPORTİNFO.AZ