Ötən mövsüm “Zirə”də əla mövsüm keçirən, “qartallar”ın avrokuboklarda mərhələlər adlamasında böyük xidmətləri olan Tyaqo Silva başa çatmaqda olan “futbol ili”ndə kölgədə qaldı.
Baş məşqçi Rəşad Sadıqov yerli futbolçularla bağlı tətbiq olunan limitə görə Aydın Bayramova şans vermək məcburiyyətində qalmışdısa, son matçlarda Anar Nəzirova güvənir.
Portuqaliyalı qapıçı “Sabah”la qarşılaşmanı doğmaları ilə birlikdə tribunada izləyirdi.
Sportinfo.az-ın suallarını da sözügedən oyundan sonra cavablandırdı.
- Mövsüm başa çatmaq üzrədir. Özünü necə hiss edirsən?
- Klub adına əla mövsüm alındığını deməliyəm. Ölkə kubokunda finala vəsiqə qazana bilməsək də, çempionatda ötənilki nəticəni təkrarlayıb ikinci yeri tutduq. Düzdür, oynamaq şansım az oldu. Ancaq özümü komandanın bir parçası hesab edirəm. “Zirə”nin və komanda yoldaşlarımın adına sevinirəm.
- Bəs öz adına?
- Əlbəttə ki, yox. Məsələ məlumdur, özünüz bilirsiz.
- Limitə görə cəmi 4 oyunda şans qazandın.
- Bəli. Təəssüf ki, belə oldu. Nəticə etibarilə mövsüm mənim üçün boşa getdi.
- Premyer Liqada 3, kubokda 1 oyun.
- Yəqin ki, belədir. Gözlədiyim və düşündüyüm belə deyildi. İstənilən halda baş məşqçinin qərarına hörmətlə yanaşıram.
- Oynamamağınla bağlı baş məşqçi Rəşad Sadıqovla söhbətin olub?
- Bir neçə dəfə danışmışıq.
- Nə deyib?
- Oynamaq istədiyimi və buna məcbur olduğunu bildirmişəm. Legioner limiti ilə bağlı çətinliyin olması cavabını eşitmişəm. Edə biləcəyi bir şey yoxdur. Komandanın uğur qazanması üçün sahə oyunçuları arasında legionerlərə daha çox güvənmək lazım gəlir. Belə olduğu halda əcnəbi qapıçı ehtiyatda oturmalı olur. Yenə deyirəm, baş məşqçinin qərarına hörmətlə yanaşıram. Mənim üzərimə düşən gələcəklə bağlı ətraflı düşünməkdir.
HƏBİB

