
“Zirə”nin aparıcı simalarından olan Rafael Utziq gözə dəymir.
Sonuncu dəfə 33-cü turda “Turan Tovuz”la qarşılaşmada 61 dəqiqə meydanda olan braziliyalının adı son iki matçda iştirak ərizəsində yer almayıb.
“Sabah”la şənbə günü keçirilən oyunda “23-lük”dən kənarda qalan təkcə Utziq deyildi.
Cəzalılar Eldar Quliyevlə Qismət Alıyev, zədəlilər Hacıağa Hacılı ilə Fuad Bayramov da meydana çıxmaqdan məhrum idi. Lakin onlar tribunadakı yerini tutub, görüşü maraqla izləyirdi.
Utziq isə nə “Səbail”lə səfər, nə də “Sabah”la ev oyunlarında gözə dəydi.
Maraqlandıq və məlum oldur ki, Rafaellə baş məşqçi, yaxud rəhbərlik arasında heç bir narazılıq yoxdur.
Müdafiəçinin səhhətində narahatlıq yarandığından, həkimlər bir müddət ev şəraitində qalmağı məsləhət görüb. Və bu səbəbdən “Zirə”nin matçları zamanı gözə dəymir.
28 yaşlı “sambaçı” cari Premyer Liqa mövsümündə meydana çıxdığı 30 qarşılaşmada 8 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
HƏBİB / SPORTİNFO.AZ