
“Sabah”ın çalışdırıcısı Vasili Berezutski baş məşqçi kimi ilk addımlarını Azərbaycanda atdı.
Rəhbərlik etdiyi kollektiv Premyer Liqanın mükafatçıları sırasına düşə bilməsə də, “tələbələr” Azərbaycan kubokunu qazanmaq üçün əla imkan yaxalayıb.
Ölkəmizə gələndə məşqçilik bacarığına ağız büzdüyümüz Berezutski bu sahədə bacarıqlı olduğunu sübut etməkdədir. Hər halda, statistika belə deyil.
Deməli, “Sabah” rusiyalı mütəxəssisin başçılığı altında “Qarabağ”la üç dəfə qarşılaşıb. Və bütün oyunlar eyni hesabla başa çatıb – 1:1.
Berezutski Azərbaycanın bir nömrəli məşqçisi hesab olunan Qurban Qurbanova məğlub olmayıb.
2021-ci ildə ölkə çempionu adını qazanan, hazırda “Neftçi”yə rəhbərlik edən Samir Abasov da rusiyalı həmkarının əlindən “qan ağlayır”. Məhz ÇSKA-nın keçmiş kapitanının baş məşqçisi olduğu “Sabah” ölkə kubokunun yarımfinalında “ağ-qaralar”ı mübarizədən kənarlaşdırmağa nail oldu.
Azərbaycanın ən istedadlı məşqçilərindən hesab olunan, Qurban Qurbanovun davamçısı gözündə görülən, ardıcıl ikinci mövsümdə gümüş medallara yiyələnən Rəşad Sadıqov da Berezutskiyə bata bilməyib.
“Zirə”ylə “Sabah” arasında mövsümün ilk iki dövrəsində baş tutan matçlarda “tələbələr”i meydana Krunoslav Renduliç çıxarıb. Üçüncü dövrədə Rəşad Sadıqov – Vasili Berezutski dueli baş tutub ki, bu dəfə də 1:1 hesabı qeydə alınıb.
Bir neçə saatdan sonra “Zirə” öz meydanında “Sabah”ı qəbul edəcək.
Vasili Berezutskiyə Rusiyaya qayıdandan sonra “Azərbaycanın aparıcı məşqçilərindən heç birinə uduzmadım” demək şansı verməmək üçün zirəlilər bu gün qələbə qazanmalıdır ki, Rəşad Sadıqov yerli mütəxəssisləri rusların dilindən xilas edə bilsin.
Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş saat 17:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ