"Çempionatda ikinci yeri tutmaq bizim üçün asan olmadı"

02:20 Zirə 82
"Çempionatda ikinci yeri tutmaq bizim üçün asan olmadı"

"Zirə"nin futbolçusu Ceyhun Nuriyev cari mövsüm Misli Premyer Liqasında ikinci yeri təmin etmələrinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisinin yarımmüdafiəçisi "report"a açıqlamasında XXXIII turda "Turan Tovuz"a qalib gəldikləri oyundan danışıb.

"Turan Tovuz" güclü futbolçulardan təşkil olunan kollektivdir. Şükürlər olsun ki, qalib gəlməyi bacardıq.

Ümumilikdə mövsüm çox ağır keçdi. Bir-birindən çətin rəqiblərlə qarşılaşdıq.

Mövsüm ərzində əziyyət çəkdik və amansız mübarizədən sonra ikinci yeri təmin etdik. Düşünürəm ki, maraqlı yarış oldu.

Qarşıda hələ 3 tur var. Növbəti matçlarımızı da qələbə ilə başa vurmaq istəyirik", - C.Nuriyev vurğulayıb.

Yarımmüdafiəçi komandasının avrokuboklarda uğurlu çıxış edəcəyinə inandığını söyləyib:

"Artıq avrokuboklar barədə düşünmək olar. Təbii ki, rəqiblərin kimliyindən asılı olmayaraq, meydana qələbə üçün çıxacağıq.

Ötən il pley-off mərhələsinə qədər irəlilədik və uğurlu nəticəyə imza atdıq. Bu dəfə daha artığını etmək istəyirik.

Liqa mərhələsinə vəsiqə qazansaq, çox gözəl olardı. Düşünürəm ki, bunun üçün təcrübəmiz var.

Artıq heyət möhkəmlənib, futbolçular meydanda bir-birini yaxşı tanıyırlar".

Doğma meydanda "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edən "Zirə"nin mövsümü ikinci sırada başa vuracağı dəqiqləşib.

Digər Xəbərlər
Xəbər Lenti