
Sportinfo.az “Zirə”nin fransalı yarımmüdafiəçisi Ayron Qomisin müsahibəsini təqdim edir:
- Premyer Liqanın 32-ci turunda səfərdə “Kəpəz” üzərində 1:0 hesablı qələbə qazandınız. Görüşlə bağlı nə deyə bilərsiniz?
- Bizim üçün heç də asan oyun olmadı. Ot örtüyünün süni olması işimizi daha da çətinləşdirirdi. Bu səbəbdən Tovuzdakı oyunlar həmişə çətin keçir. İlk hissədə rəqibin müqavimətini qıra bilmədik. Fasilədən sonra istədiyimiz qolu vurduq. Hesabda önə keçdikdən sonra yaxşı müdafiə olunduq, rəqibə qol şansı vermədik. Yekunda da qalib gəldik ki, buna görə çox şadıq.
- “Zirə” artıq avrokuboklara vəsiqəni və medalı təmin edib. Bu, minimum hədəf idi, yoxsa maksimum?
- Təbii ki, avrokuboklara vəsiqə qazandığımız üçün sevinirik. Lakin dayanmayacağıq, bu nəticə ilə kifayətlənə bilmərik. Qarşıdakı görüşlərdə də əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr qazanaq. Çox istərdik ki, Avroliqada oynayaq.
- Onda kubokun finalında “Qarabağ”a azarkeşlik edəcəksiniz? Çünki Avroliqaya yollanmağınız üçün təkcə gümüş medalları qazanmağınız kifayət etmir.
- Deməzdim azarkeşlik edəcəyik. Lakin “Qarabağ”ın qələbəsini istəməyimiz məntiqlidir.
- Bəs neytral yanaşsaq, final üçün şansları necə dəyərləndirirsiniz?
- Hər iki komanda yaxşı performans nümayiş etdirir. Biz həm “Qarabağ”, həm də “Sabah”la görüşlərdə çətinliklə üzləşirik. Amma ümumi götürdükdə məlumdur ki, “Qarabağ” daha güclüdür. Mövsümün sonuna 4 tur qalmış çempionluğu rəsmiləşdirmələri də buna sübutdur.