"Qarabağ"ın finalda qalib gəlməsini gözləyəcəyik"

1 May 21:00 Zirə 177
"Qarabağ"ın finalda qalib gəlməsini gözləyəcəyik"

"Zirə"nin yarımmüdafiəçisi İsmayıl İbrahimli Premyer Liqanın 32-ci turunda "Kəpəz"i məğlub etdikləri (1:0) matçdan sonra Sportinfo.az-a müsahibə verib.

O, ilk olaraq əldə edilən qələbəni şərh edib.

- Rəqibin gücünü bilirdik. Son 7 görüşdə bu meydanda məğlub olmurdular. "Kəpəz" hər zaman yaxşı futbol oynamağa çalışıb. Sevindirici hal odur ki, 3 xal qazanan tərəf olduq.

- Qələbə qolunu yalnız ikinci yarıda vura bildiniz. Vaxt ötdükcə xal itkisi qorxusu vardı?

- Oyun bizim nəzarətimiz altında idi. Çox saylı qol fürsətlərimiz oldu. Son nöqtədə çatışmazlığımız vardı. Bəzən belə olur. Heç də hər zaman ilk hissədə önə çıxmaq olmur. Qol vura bilməmək üzərimizdə təzyiq yaratmırdı.

- Bu mövsüm "Kəpəz"i bütün oyunlarda məğlub etmisiniz. Təsadüfdür, yoxsa xüsusi sirri var?

- Hansısa sirri yoxdur. Elə olur ki, bir komandanın mövsüm ərzində hansısa komanda ilə oyunu alınmır. Məncə, bu amil ola bilər. "Kəpəz" yaxşı komandadır.

- "Zirə"nin avrokuboklarda iştirakı dəqiqləşdi. Artıq Avropa arenası haqqında düşünməyə başlamısınız?

- Bəli, Konfrans Liqasına vəsiqəni təmin etmişik. Amma istəyimiz Avropa Liqasına getməkdir. İrəliləmək baxımından Avropa Liqası daha rahatdı. Qarşıda bizi 4 tur gözləyir. Maksimum xal qazanıb, ikinci pillədə yerimizi qorumağa çalışacağıq. Sonrası bizdən asılı deyil. "Qarabağ"ın finalda "Sabah"ı məğlub etməsini gözləyəcəyik.

- Taleyiniz "Qarabağ"dan asılıdır. Bu vəziyyətdə ölkə kubokunda "Araz"a məğlubiyyət sizi ikiqat üzürmü?

- Yox, təəssüflənmirik. Ölkə Kuboku ilə vidalaşmışıq. Daha bu barədə düşünmürük. Bəli, final oynamaq istəyərdik. Çünki bunun özü bir uğurdu. Amma belə alındı. Xeyirlisi deyib, keçmək lazımdır. Heç bir təəssüf hissi yoxdur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
1 May 10:40 AFFA-da yeni təyinat