Azərbaycan klubu yoxa çıxan futbolçusundan FİFA-ya ŞİKAYƏT ETDİ

14:00 Zirə 2 238
Azərbaycan klubu yoxa çıxan futbolçusundan FİFA-ya ŞİKAYƏT ETDİ

«Zirə» FİFA-ya müraciət edib.

Premyer Liqanın gümüş medalçısı dünya futbol qurumuna məktub ünvanlayaraq, Rafael Utziqlə bağlı şikayət edib.

«Qartallar» braziliyalı hücumçunun klub qarşısında götürdüyü öhdəliyi yerinə yetirməməsi barədə təşkilatı məlumatlandırıb.

Bildirilib ki, «sambaçı» mayın sonunda Azərbaycandan ayrılıb və komanda bir neçə həftədir yeni mövsümün hazırlıqlarına start versə də, o, hələ düşərgəyə qayıtmayıb.

Qəsəbə təmsilçisi cənubi amerikalı legionerlə bağladığı müqavilənin surətini, həmçinin onun qeyri-müəyyən səbəblərdən burada olmamasını sübuta yetirən sənədləri FİFA-ya göndərib.

Utziq maydan bəri «Zirə»nin baş bəlasına dönüb. Mövsümün bitməsinə 1 qalmış klub rəsmiləri ilə görşən braziliyalı 2026-cı ilin yayınadək qüvvədə olan müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq istədiyini bildirib.

Bunu da Avropa və Asiyadan bir sıra sərfəli təkliflər almasıyla əlaqələndirib. Vəziyyəti düzgün qiymətləndirən funksionerlər Utziqi transferə çıxarıb.

Onu almaq istəyən klublar 200 min dollara yaxın təzminat ödəməlidir. Fəqət, günü bugünədək bir real müştəri sinəsini qabağa verərək, iddiasını ortaya qoymayıb.

Amma intizamsız legioner yenə nə sənə, nə mənə - gəlmir. Hərçənd təlim-məşq toplanışının nə vaxt başlayacağına dair öncədən informasiya alıb.

İdarəçilər komandanın digər üzvləri kimi, ona da bununla bağlı vaxtında xəbərdarlıq edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti