Qadınlardan ibarət voleybol yığmamızın Avropa çempionatına hazırlığı Bakıda davam edir. Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vuraraq paytaxta qayıdan millimiz məşqlərini Dərnəgül Voleybol Mərkəzində keçir.
Sportinfo.az xəbər verir ki, komandanın lideri Polina Rəhimova hazırlıq prosesi haqda bunları deyib: "Təlim-məşq toplanışı yüksək səviyyədə keçir. Qubadakı hazırlıq prosesində fiziki hazırlığa üstünlük verdik. İlk dəfə yığmada bu qədər çox voleybolçu var. Demək olar ki, bütün oyunçularımız toplanışda iştirak edir.
Sayımız 35-ə yaxındı. Bütün voleybolçulara özünü göstərib yığmaya düşməsi üçün gözəl şans yaranıb. Bu da komandada güclü rəqabət yaradır. Rəqabət isə voleybolçuların xeyrinədi. Dünya çempionatının seçmə mərhələsində bunun faydasını gördük. Şəfaqət Həbibova və Ceyran Əliyeva kimi oyunçular meydana sonradan daxil olub, servisləri və qəbullarıyla komandaya fayda verdilər".

