Bakı idman sarayında qadın voleybolçuların DÇ-2018-in seçmə mərhələsində “E” qrupunun oyunları başa çatıb. Sportinfo.az xəbər verir ki, millimiz son görüşdə hollandiyalı həmkarları ilə qarşılaşıb. Gərgin keçən matç Faiq Qarayevin komandasının qələbəsi ilə bitib - 3:0 (30:28, 25:22, 25:13). Yığmamız ilk 3 oyunda bu hesabla Norveç, Danimarka və İsrail kollektivlərini üstələyib.
Oyunun qəhrəmanlarından biri Yelizaveta Səmədova olub. Hücumlarının faiz göstəricilərinə əsasən ən dəqiq voleybolçumuz olan "Telekom"un üzvü qəbulda və müdafiədə də böyük işlər görüb. Ümumiyyətlə, seçmə mərhələdə Səmədova Odina Bayramovanı layiqincə əvəzləyib. Yelizaveta qəbuldakı problemlərimizi böyük ölçüdə aradan qaldırdı. İstedadlı hücumçumuzu bir neçə əcnəbi klub transfer etmək istəyir:
“Bütün azarkeşlərə təşəkkür edirəm. Bizə çox yaxşı dəstək verdilər. Bu, bizə çox böyük güc verdi. Komanda yoldaşlarıma da minnətdaram. Dünya çempionatında oynamaq arzum idi. Mundialda böyük uğur qazanmağa cəhd edəcəyik. Hollandiya güclü rəqib idi. Onlar da bizim kimi dünya çempionatına vəsiqə qazanmağa çalışırdı. Yaxşı ki, ilk seti geridən gəlib qazana bildik”.

