“Çətin oyun oldu. Rəqibin gücünü bilirdik. Niderland yığması indi yaxşı heyətə malikdir, Rio olimpiadasında 4-cü yeri tutub. Biz İslam oyunlarında qalib olduq, amma orada rəqiblər elə də güclü deyildi. Tək Türkiyə komandası ilə gərgin mübarizə getdi. Öz qrupumuzda birinci yerlə dünya çempionatının finalına çıxmağımız böyük uğurdur”.
Sportinfo.az xəbər verir ki, bunu Bakı idman sarayında jurnalistlər üçün keçirdiyi brifinqdə qadın voleybolçulardan ibarət millimizin baş məşqçisi Faiq Qarayev deyib. Təcrübəli mütəxəssis həlledici mərhələ barədə də fikirlərini bildirib:
“Rəqibə 3:0 hesabı ilə qalib gəlməyimiz məni çox razı saldı. İndi Avropada gərgin oyunlar gedir. İstəməzdim ki, pley-offa qalaq. Birbaşa finala adlamaq qürurvericidir. Qızların hamısından razı qaldım. Komandamız tarixində 4-cü dəfə bu sevinci yaşayır.
Ötən ildən bu yana millimiz bir rəsmi görüşdə uduzmayıb. Fikrimcə, bu dəfə daha irəli getməliyik: dunya çempionatında medallar uğrunda mübarizə aparmalıyıq. Payızda Azərbaycanda keçiriləcək Avropa çempionatı bizə əlavə təkan verəcək”.

