Voleybolçu qadınlar arasında 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin E qrupunda III turun görüşləri keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi Danimarka ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. Faiq Qarayevin baş məşqçi olduğu komanda oyun ərzində elə də çətinlik yaşamayıb. İlk seti 13 top fərqli üstünlüklə tamamlayan təşkilatçı komanda sonrakı 2 seti eyni hesabla başa vurub.
Ardıcıl 3-cü qələbə sayəsində Azərbaycan millisi xallarını 9-a çatdıraraq, liderliyini davam etdirib. Hər 3 görüşünü uduzan Danimarka isə ilk 2 pillədən birini tutma şanslarını itirib. Hollandiya yığması İsraili 3:1 hesabı ilə yenərək, Azərbaycanla şərikli liderə çevrilib. Günün açılış oyununda isə Ukrayna Norveçi eyni hesabla yenib.
3 turdan sonra Azərbaycan və Hollandiya hərəyə 9 xalla turnir cədvəlinə başçılıq edir. Ukrayna 6 xalla 3-cü, İsrail 3 xalla 4-cü pillədə qərarlaşıb. Xalı olmayan Norveç və Danimarka isə 5-6-cı yerləri bölüşür. İyunun 2-də IV turun Danimarka - Norveç, İsrail - Azərbaycan və Hollandiya - Ukrayna görüşləri keçiriləcək.
"Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Amma əsas hədəfimiz birbaşa final mərhələsinə çıxmaqdı" - bunu qadın millimizin voleybolçusu Kseniya Koçigid deyib. Blokçunun sözunə görə, qızlar xeyli müddət idi bir yerə yığışmırdı, indi isə hər şey qaydasındadı:
"Komandamızda xoş ovqat var, qızlar bir-birləri ilə çox mehribandılar. Xeyli vaxt idi yığışmırdıq. İndi hər şey öz axarına düşüb. Çoxdan oynayanlar yenilərə təcrübələrini bölüşür, çətinlikləri birgə aradan qaldırırıq.
Dünya çempionatının seçmə mərhələsində əsas rəqibimiz Hollandiyadı. İki il öncə onları burda, Avropa oyunlarında udduq. İndi rəqib xeyli artırıb, komandanın aparıcı üzvləri qitənin müxtəlif səviyyəli çempionatlarında çıxış edirlər".
Norveç - Ukrayna - 1:3 (21:25, 25:22, 14:25, 17:25)
Hakimlər: Mixail Temelis (Yunanıstan), Sanya Mikloşiç (Sloveniya)
Azərbaycan - Danimarka - 3:0 (25:12, 25:14, 25:14)
Hakimlər: Sabine Vitte (Almaniya), Saşa Stanisiç (İsveçrə)
İsrail - Hollandiya - 1:3 (19:25, 11:25, 25:22, 15:25)
Hakimlər: Bruno Muxa (Xorvatiya), Roberto Boris (İtaliya)

