Gecə Avropada bir Melissa parlayırdı... VİDEO+FOTOLAR

5 Sentyabr 2023 02:30 Voleybol 1 374
Gecə Avropada bir Melissa parlayırdı... VİDEO+FOTOLAR

Brüsseldə keçirilən qadın voleybolçulardan ibarət Avropa çempionatı Türkiyənin tarix yazması ilə yadda qaldı.

Sportinfo.az xəbər verir ki, qardaş ölkə yığması dünya və qitə çempionatları tarixində ilk dəfə qızıl medal qazandı.

“Ay ulduzlular” Avropanın ən güclüsü olmaq yolunda bir neçə favoritə qal

ib gəldilər. ABŞ, İtaliya kimi nəhənglər üzərindəki qalibiyyət “Filenin sultanları”nın qızıl medal qazanmaq yolundakı həvəsini artırırdı. Bu əhəmiyyətli qalibiyyətlər Türkiyənin xanım idmançılarının motivasiyasını hər oyundan-oyuna yüksəldirdi.

Bu qələbədə əsas pay sahibi isə bu gün dünyanın diqqət mərkəzinə düşən Melissa Varqasındır. Həlledici görüşdə də 3 möhtəşəm zərbə ilə komandasına xallar qazandıran kuba əsilli voleybolçu 23 yaşında adından söz etdirə bilir.

Varqas 16 oktyabr 1999-cu ildə Kubanın Senfueqos şəhərində dünyaya göz açıb. Atası həndbolçu olan Melissa hələ 13-14 yaşında böyük gələcək vəd edir. Bundan sonra isə o, Avropaya yollanır. Çexiyanın “Modranska Prosteyov” klubunda çıxış etməyə başlayır. Lakin ağır zədə alır. Bundan sonra isə voleybolçu ölkəsinə qayıdır.

Kubada müalicə olunmağa başlasa da, narazılıqlarını dilə gətirir. Bildirir ki, ölkəsində onun müalicəsi düzgün aparılmır. Kuba hökuməti isə bunu özünə qarşı tənqid və təhqir sayır. Nəticədə ölkənin Voleybol Federasiyası Varqası 4 illik milli komandadan kənarlaşdırır. Bütün bunlarla razılaşmayan gənc idmançı yenidən Avropaya üz tutur. O, miqrant kimi İsveçrəyə gəlir. Burada “Volero” klubunda oynamağa başlayır. Serbiya Varqasın durumunu öyrəndikdən sonra ondakı istedadı nəzərə alaraq vətəndaşlıq təklif edir.

Lakin bu təklif gəldiyi zaman artıq Türkiyənin “Fənərbaxça” klubu kubalını heyətinə qatır.

Türkiyə yığması da onun potensialını nəzərə alaraq Serbiyadan daha cəld davranaraq Melissanı milliləşdirir. Lakin o, cəzalı olduğu üçün “ay ulduzlular”ın heyətində meydana çıxa bilmir. Varqas debütünü ABŞ-da keçirilən Millətlər Liqasında edir. Daha sonra isə Avropa çempionatına qatılır. Hər iki turniri Türkiyə qalib kimi bitirir və Melissa hər iki turnirdə tarix yazır. Nəticədə ona “Varqas airlines” (Varqas hava yolları) ləqəbi verilir.

Maraqlıdır ki, Melissaya Türkiyə şəxsiyyət vəsiqəsini Prezident Rəcəb Tayyib Ərdoğan şəxsən özü təqdim edir. Bundan sonra isə onun adı türk dilinə uyğunlaşdırılır. Belə ki, Kubada onun adı Melissa kimi qeyd olunsa da, Türkiyədə "S" hərfinin biri ixtisar olunaraq Melisa edilir.

Melissa həmçinin “Fənərbaxça”nın çempionluq qazanmasında da böyük rol oynayır. Hazırda Türkiyə yığmasının döyünən ürəyi sayılır. O, ötən gecə həmçinin qitə çempionatının ən yaxşı oyunçusu da seçilib (qafqazinfo).




Xəbər Lenti