Komandası get-gedə özünə oxşayır və ya bir çimdik duz

14 Aprel 16:30 Turan 550
Komandası get-gedə özünə oxşayır və ya bir çimdik duz

Medallar uğunda mübarizəyə yeni ad qoşuldu, buyurun!

Bu, mövsümə Premyer Liqada qalmaq niyyəti ilə start verdiyini açıqlayan «Turan Tovuz»dur.

30 tur gözləmək lazım gəldi bunun üçün. Göstərdiyi səbrdən və əzmdən dolayı Ayxan Abbasovu təbrik edirəm.

Mən hansısa qayıdışdan, nə bilim, geridönüşdən danışmıram.

Onun hesab-kitabı başqadı, biz baş açmarıq. Bu qədər gözləntidən sonra ortalığa möhkəm komanda çıxaran Abbasov içindəki hissləri futbolçularına ötürə, aşılaya bilib artıq.

Aleks Souzanın qışda gəlişi ilə o, yeni bir düzən yaxaladı və indi də düz yolla da gedir. Düz yol nədir, onu da izah edim - xarakter.

Qorxu-hürku bilmədən, ev-səfər fərqi qoymadan hər oyunda qazanmaq istəyi əvvəldən-axıra «Turan»ın görkəmində, üslubunda öz əksini tapır.

«Qəbələ» Premyer Liqanı tərk etmək reallığı ilə barışıb. Bununla belə, onları evdə üstələmək ilk vaxtlardakı kimi çətin məsələ olaraq qalmaqdadır.

Penaltini qaçıran, hesabda geri düşən «Turan» son 15 dəqiqədə nümayiş etdirdiyi dirənişi mübarizlik ruhuna borcludur.

Ayxan Abbasovun vaxtında oyuna etdiyi müdaxilələr də qələbə xörəyinə bir çimdik duz qatdı.

Baş məşqçinin yerində əl atdığı əvəzetmələr gedişatı dəyişdi və hər şey qonaqlar üçün yaxşı qurtardı.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti