"Sabah"a təşəkkür etmək lazımdır ki, "Barselona"nı Azərbaycana gətirib"

02:50 Sabah 49
"Sabah"a təşəkkür etmək lazımdır ki, "Barselona"nı Azərbaycana gətirib"

"Sabah" Çempionlar Liqasının V turunda Bakıda "Barselona"ya qarşı keçirəcəyi oyunda sürpriz edə bilər.

Sportinfo.az xəbər verir ki,bunu "report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Nazim Süleymanov deyib.

O, əvvəlcə dünya nəhəngini ölkəyə gətirdiyinə görə paytaxt təmsilçisinə minnətdarlığını bildirib:

"İlk növbədə "Sabah"a təşəkkür etmək lazımdır ki, "Barselona"nı Azərbaycana gətirib. Belə bir komandanı Bakıda canlı görmək azarkeşlər üçün əsl futbol bayramıdır. İspaniya klubu təkcə Avropada deyil, dünyada top klubdur. Düzdür, kataloniyalılar çox güclü kollektivdir və qarşılaşmanın favoriti məhz onlardır. "Sabah" isə bu turnirdə ilk addımlarını atır. Buna baxmayaraq, son matçlarda heç də pis təsir bağışlamadı. Futbolda möcüzələr olur, bəzən güclülər də məğlubiyyətlə üzləşirlər".

Mütəxəssis qonaqların heyətində Lamin Yamalın Bakıya gəlməməsinin oyunun gedişatına təsiri barədə də fikirlərini bölüşüb:

"Komandanın iştirak ərizəsində təkcə Yamal yer almır. Rəqib vahid kollektiv şəklində çıxış edir. Bəli, Lamin klubun lider oyunçularından biridir. Əvvəllər "Barselona"da görüşün taleyini Lionel Messi həll edirdi. İndi isə Yamal seçilsə də, heyətdə Rafinya, Entoni Qordon kimi hücumçular var. Onların hər biri fərdi ustalığı ilə ön plana çıxa bilir. Yamalın oynamaması "Barselona"nın zəifləyəcəyi və ya matçın asan keçəcəyi anlamına gəlmir. Əksinə, onun yerinə meydana çıxacaq futbolçu daha yaxşı çıxış edə bilər. Hər şey həmin günkü mübarizədən asılıdır".

Sabiq futbolçu böyükhesablı məğlubiyyət ehtimallarına münasibətini bildirib:

"Futbolda nəticəni əvvəlcədən dəqiq demək mümkün deyil, sadəcə təxmin etmək olar. Hər şey komandaların və futbolçuların həmin gündə, saatda özlərini necə hazırlamasından asılıdır. Bəlkə də "Barselona" "Sabah"a yuxarıdan aşağı baxa bilər. Əgər belə etsələr, bu, onların böyük səhvi olar. Çempionlar Liqasında mübarizə aparan heç bir rəqibə belə münasibət göstərmək düzgün deyil. Meydanda düzgün oynamaqla müsbət nəticə qazanmaq mümkündür. Əvvəlki görüşlərə nəzər salsaq, evdə Çexiyanın "Slaviya" klubuna gözəl oyunla qalib gəldik. Səfərdə isə Norveç "Vikinq"inə uduzduq. Halbuki "Slaviya" "Vikinq"dən daha güclü idi. Sadəcə, hesab 2:1 olarkən oyunçunun qırmızı vərəqə alması qarşılaşmanın axarını dəyişdi, əks halda matç başqa cür yekunlaşa bilərdi və böyük hesab qeydə alınmazdı. "Borussiya" (Dortmund) komandası ilə görüşdə də "Sabah" pis təsir bağışlamadı. Uduzsa da, futbolçular böyük istəklə mübarizə apardılar, sadəcə, rəqibin ustalığı və topla davranışı daha yüksək səviyyədə idi".

Nazim Süleymanov komandanın oyun üslubuna toxunaraq azarkeşləri maraqlı futbol bayramının gözlədiyini vurğulayıb:

"Futbolda həm müdafiə, həm də hücum var. Bu komponentləri təkmilləşdirmək və balanslaşdırmaq lazımdır. Meydanda 11-in 11-ə mübarizə gedir, artıq oyunçular yoxdur. Futbolda sürprizlər çox olur. Niyə də "Sabah" həmin gün daha güclü çıxış edərək gözlənilməz nəticəyə imza atmasın? Heç kimin təsəvvür etmədiyi ssenari yaşana bilər. "Barselona" bir əsrdən artıq zəngin tarixə malik klubdur, "Sabah" isə Çempionlar Liqasında yenidir. Bununla belə, maraqlı mübarizəyə şahidlik edəcəyimizə inanıram. Yəqin ki, stadion dolu olacaq. Azarkeşlərə futbol bayramı, "Sabah"a isə uğurlar arzulayıram".

"Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!