İspaniya La Liqasının prezidenti Xavyer Tebas ölkənin iki top-klubu – “Real” və “Barselona”nın hakimlərə təzyiq göstərməsi barədə danışıb.
Bir müddət əvvəl “Vilyarreal”ın yarımmüdafiəçisi Santi Komesanya “Barselona” ilə matçdan (2:3) sonra hakim idarəçiliyini tənqid etmişdi:
“İstər “Santyaqo Bernabeu”da, istərsə də “Kamp Nou”da vəziyyət eynidir. Onlar hakimə təzyiq göstərirlər. “Barselona”nın yeddi futbolçusunun hakim qərarlarına etiraz etdiyini saydım”.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Tebas açıqlamasında iki klubun hakimlərə fərqli formada təsir göstərdiyini söyləyib:
“Böyük komandaların oyunlarında hakimlərin fərqli qərarlar verdiyi çoxdan məlumdur. Bu gün “Real” və “Barselona” hakimlərə təzyiq göstərir. Onlar daim bir-birləri haqqında danışırlar. Xüsusilə də, “Real”.
Bu təzyiq eynidirmi? Xeyr. Aydındır ki, “Real”ın televiziyası daha güclü təzyiq göstərir. “Barselona”nın davranışı isə fərqlidir”.
“Barselona” sabah UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan çempionu “Sabah”ın qonağı olacaq.
Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək qarşılaşmanın start fiti saat 21:45-də səslənəcək.
