“Barsa” Yamalın əvəzinə Bakıya 18 yaşlı istedadı gətirdi

13:20 Gündəm 40
“Barsa” Yamalın əvəzinə Bakıya  18 yaşlı istedadı gətirdi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Sabah”la keçiriləcək oyun üçün 18 yaşlı belçikalı hücumçu Jesse Bisivunu ilk dəfə əsas komandanın rəsmi matç üçün heyətinə daxil edib.

Sportinfo.az xəbər verir ki, İspaniyanın "Marca" nəşri Kataloniya klubunun gələcək üçün böyük ümidlər bəslədiyi futbolçu haqqında geniş məqalə dərc edib.

Bisivu Bakıya səfər etməyən Lamin Yamalın əvəzinə heyətə cəlb olunub.

18 yaşlı futbolçu bu ilin iyulun 31-də Belçikanın “Brügge” klubundan 8,5 milyon avroya transfer edilib.

Futbolçu karyerasına 2014-cü ildə “Leven”də başlayan Bisivu 2020-ci ildə “Brügge”yə keçib.

O, 2023-cü ildə, hələ 15 yaşı olarkən klubun əvəzedici komandasında çıxış etməyə başlayıb və Belçikanın ikinci divizionunda 36 oyun keçirib.

Belçikanın U-21 millisinin üzvü olan hücumçu ölkəsinin bütün aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. O, 2025-ci ildə keçirilən U-17 Avropa çempionatının rəmzi heyətinə seçilib.

Hər iki cinahda oynamağı bacaran Bisivu “Barselona”nın əvəzedici komandasında keçirdiyi 8 matçın hamısında start heyətində meydana çıxıb və 1 qol ötürməsi edib.

Flik belçikalı futbolçunun Kataloniya klubuna gəlişindən etibarən onun inkişafını yaxından izləyir. Mövsümöncəsi hazırlıq prosesində əsas komandaya cəlb olunan Bisivu İsveçrənin “Bazel” klubu ilə görüşdə dubl etməklə diqqət çəkib.

Gənc hücumçu sürəti, driblinq bacarığı, təkbətək mübarizələrdə üstünlüyü, komanda yoldaşları ilə əlaqəli oyunu, zərbələri və fiziki gücü ilə seçilir.

Məhz bu keyfiyyətlər Flikin onu “Sabah”la oyun üçün heyətə daxil etməsində mühüm rol oynayıb. “Barselona” ilə 2031-ci ilin iyununa qədər müqaviləsi olan Bisivu Bakıda əsas komandanın heyətində rəsmi debütünü edə bilər.

Lamin Yamal sağ ayağının topuq nahiyəsindəki yüngül narahatlıq səbəbindən ehtiyat tədbiri olaraq “Sabah”la matçı buraxacaq. Onun bazar günü “Deportivo” ilə görüşdə iştirak edəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 16:50 Çək və bizə göndər!