Millimizin müdafiəçisi 8 aya alman dilini öyrəndi - Bu VİDEO sizə nümunə olsun!

23:00 Milli komanda 56
Millimizin müdafiəçisi 8 aya alman dilini öyrəndi - Bu VİDEO sizə nümunə olsun!

Yazının aşağı hissəsində təqdim etdiyimiz videodakı şəxs Elşad Manafovdur.

Stajlı futbol azarkeşləri onu yaxşı xatırlayır.

Vaxtilə “Bakı” Futbol Akademiyasından çıxan onlarla istedadlı futbolçudan biri olan Elşad Premyer Liqada debütünü “Bakı”da edib.

Sol cinah müdafiəçisi sonrakı illərdə “Turan”, “Sumqayıt”, AZAL, “Sabah” və “Qaradağ Lökbatan” kimi klublarda çıxış edib. 2022-ci ildə isə “Cəbrayıl”ın heyətində Region Liqasının qalibi adını qazanıb.Gənc yaşlarında Azərbaycanın U-17 millisinin şərəfini qoruyub.

Elşad uzun illərdir Azərbaycanın çimərlik futbolu üzrə millisinin formasını geyinir. Bu sahədə artıq kifayət qədər təcrübə toplayıb.

Elşadın videosunu təqdim etməyimizin səbəbi nədir?

Məsələ ondadır ki, o, alman dilində kifayət qədər sərbəst danışır. Özü də bu səviyyəyə çatmaq üçün cəmi 8 ay vaxt sərf edib.

Videoda almanca özü, şəxsi həyatı, karyerası barədə ətraflı məlumatlar verir.

Futbolçular, xüsusilə legioner həyatı yaşamaq istəyən və ya xarici klublardan təklif alan idmançılar üçün xarici dil bilikləri olduqca vacibdir. İngilis, alman, ispan, fransız dili – bunların hər biri Avropa futbolunda özünü göstərmək istəyən oyunçu üçün ciddi üstünlükdür.

Təəssüf ki, Azərbaycanda bir çox futbolçu bu idman növünü seçdikdən sonra təhsilə və şəxsi inkişafa lazımi diqqəti ayırmır. Nəticədə xarici dil bilikləri də aşağı səviyyədə qalır.

Sonra Avropadan, hansısa klubdan təklif gələndə ya ora getməkdə tərəddüd edirlər, ya da xarici ölkəyə yollandıqdan sonra ünsiyyət qurmaqda ciddi çətinliklərlə üzləşirlər.

Bunun ən bariz nümunələrini avrokubok və seçmə mərhələ oyunlarında görmüşük. Komandalarımız beynəlxalq arenada rəqiblərlə qarşılaşarkən azərbaycanlı futbolçuların qarşı tərəfin oyunçuları ilə, bəzən hakimlə ünsiyyət qurmaqda, fikirlərini çatdırmaqda və deyilənləri anlamaqda çətinlik çəkdiyinin dəfələrlə şahidi olmuşuq.

Əslində, hər şey insanın özündən asılıdır. İstək varsa, dil də öyrənmək olar, özünü inkişaf etdirmək də.

Elşad Manafov cəmi 8 aya alman dilini öyrənməklə bunun mümkün olduğunu göstərir. Bir qədər də çalışsa, şübhəsiz, biliyini daha yüksək səviyyəyə çatdıra bilər.

Hələlik isə bu videoya baxdıqdan sonra Manafovu alqışlamaq, onun timsalında digər futbolçularımıza da bir mesaj vermək lazımdır - Futbolçu olmaq təhsil almaqdan, öyrənməkdən və özünü inkişaf etdirməkdən imtina etmək demək deyil!

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti