İlk dəfə yeni inşa olunan Gəncə şəhər stadionunda oldum. Futbol adına hər şey var idi. Həm meydanda, həm də tribunalarda. Təbii ki, söhbət Premyer Liqanın 12-ci turunda baş tutan "Kəpəz" - "Qarabağ" oyunundan gedir.
Hələ futbolçular isinmə hərəkətlərini yerinə yetirərkən azarkeşlər arasındakı söz atışmasını görməyə dəyərdi. Əvvəlcə “İmarət” azarkeş qrupunun yüksək səslə “Qarabağ” şüarı səsləndirməsinə meydan sahiblərinin şiddətli fit səsləri ilə cavab verməsi və onları susdurmağa çalışması diqqət çəkdi. Ardınca qarşılıqlı təzahüratlar başladı.
İsinmə hərəkətləri zamanı “Qarabağ” futbolçularının bir gözünün tribunalarda qalması onların da bu möhtəşəm mənzərədən xoşhal olduğunu göstərirdi.
Futbolçular meydana şəhid övladları ilə çıxdılar. Ardınca topa ilk toxunuşu simvolik olaraq Gəncə futbolunun canlı əfsanəsi Mehman Allahverdiyev etdi və oyuna start verildi.
İlk dəqiqələrdə ərazi üstünlüyü “Qarabağ”ın tərəfində idi. Daha sakit oynayan, topa daha çox sahib olan qonaqlar idi. Amma bir anda vəziyyət dəyişdi. Təxminən 10-cu dəqiqədən sonra meydanda sanki bir komanda var idi – o da “Kəpəz”.
Ardıcıl hücumlar, təhlükəli epizodlar daha çox “Qarabağ”ın qapısı qarşısında yaranmağa başladı. Ağdam təmsilçisi yalnız 30-cu dəqiqədə Kadi Borgesin zərbəsi ilə yadda qaldı. Onda da “Kəpəz”in qapıçısı inamlı oynadı.
Meydan sahiblərinin təhlükəli epizodları isə daha diqqətçəkən idi. Bəhlul Mustafazadənin boş qapıdan çıxardığı topun qol olması an məsələsi idi.
İkinci hissənin əvvəli də “Kəpəz”in üstünlüyü ilə keçdi. İlk yarıda komandasının nə qədər əziyyət çəkdiyini Qurban Qurbanov da aydın görürdü. Əbəs yerə deyil ki, fasilədə iki əvəzetməyə əl atdı. Meydanın zəiflərindən olan İsmayıl və Muaddibi Bikalyo və Sefasla əvəzləndi. Belədə Kadi sağ cinaha çəkildi.
“Qarabağ” yalnız bu dəyişikliklərdən sonra daha dominant oynamağa, topa nəzarəti ələ almağa başladı. Qonaqlar daha çox qol imkanı yaxaladılar. Amma qarşılarında keçilməz Rogerio Santos var idi. O, ən azı iki epizodda komandasını real qoldan xilas etdi.
Bununla yanaşı, bir neçə epizodda “Qarabağ” futbolçularının bir-birini başa düşməməsi də diqqətdən yayınmadı. Nəticədə qol vurulmadı və matç qolsuz bərabərliklə başa çatdı.
60-cı dəqiqəyə qədər qələbəyə daha layiq olan tərəf “Kəpəz” idisə, ümumilikdə meydan sahibləri ən azı bir xala haqq edirdilər. Azarkeşlər bəlkə də layiq olduqları bol qollu matçı izləyə bilmədilər. Amma həzz alacaqları hücumlar, qarşılıqlı təhlükəli həmlələr və real qol imkanları kifayət qədər oldu. Baxımlı futbola şahidlik etdik.
Hər iki komanda fair-play prinsiplərinə də ən yüksək səviyyədə əməl etdi. Birinci hissədə “Qarabağ”ın futbolçusu yerdə qaldığı üçün Namiq Qələsov perspektivli hücuma rəğmən topu meydandan çıxardı. İkinci yarıda isə “Kəpəz”in yerdə qalan futbolçusuna görə “Qarabağ”ın müdafiəçisi Mateus Silva eyni addımı atdı.
Azər Məmmədova isə ayrıca əhsən düşür. Məhdud imkanlarla, keyfiyyət baxımından elə də yüksək səviyyəli olmayan futbolçularla kifayət qədər yaxşı kollektiv formalaşdırmağı bacarıb. Ən əsası, tribunalara gələn azarkeşlərin zəhmətini yerdə qoymamağa çalışır.
Bir sözlə, Gəncədə futbol adına hər şey var idi. Meydanda mübarizə, tribunada ehtiras, qarşılıqlı hörmət və futbolun gözəlliyi.
90 dəqiqənin necə keçdiyini hiss etmədim. Tribunaları dolduran insanların futbol sevgisi ön plana çıxdı. Belə futbolun, belə atmosferin qədrini bilmək lazımdır.
Arzu edək ki, Gəncədə çiçəklənən futbolunun ətri ən qısa zamanda bütün bölgələrimizdə yayılsın.
Axı futbol bölgələrdə gözəldi.
XANOĞLAN/ SPORTİNFO.AZ
