
“Səbail“in müdafiəçisi Turan Manafovun Volos “Olimpiakos”una keçidi ətrafında yaranmış gərginlik aradan qalxmaq üzrədir.
Hər halda tərəflər arasında anlaşmanın yeni yolu tapılıb.
Cari mövsüm Premyer Liqada 14 oyun keçirən və 1 qol vuran müdafiəçinin Bayıl klubu ilə müqaviləsi yayda başa çatacaq. «Dənizçilər» gənclər yığmasının sabiq üzvünü bir quru «sağ ol» qarşılığında itirmək istəmir.
Onların məqsədi Yunanıstan klubundan müəyyən miqdarda pul qoparmaqdır. Gəl ki, II Liqa təmsilçisi 23 yaşlı futbolçuya görə əlini cibinə salmaq niyyətində olmadığını həmkarlarının diqqətinə çatdırıb.
Turan isə Azərbaycandan ayrılmaq istəyini israrla nümayiş etdirib. Onun təkidini görən «Səbail» başbilənləri çıxış yolu təklif edib: Manafovun müqaviləsi daha 1 il müddətinə artırılır və 4 aylıq icarəyə verilir.
Futbolçunun meneceri İlkin Əliyev Sportinfo.az-a açıqlamasında bu variantın müzakirə mövzusu olduğunu təsdiqləyib.
Onun sözlərinə görə, «Səbail» rəsmiləri məsələnin bu şəkildə həllini onların öhdəsinə buraxıb və ən qısa zamanda qəti qərar verəcəklər.