“Sabah” bu axşam “Barselona”dan xal ala bilər - Ümid nəyədir?

16:00 Sabah 48
“Sabah” bu axşam “Barselona”dan xal ala bilər - Ümid nəyədir?

29 dəfə La Liqanın, 32 dəfə İspaniya Kubokunun, 16 dəfə İspaniya Superkubokunun qalibi olan, 5 dəfə Çempionlar Liqasını, 4 dəfə UEFA Kuboklar Kubokunu, 5 dəfə UEFA Superkubokunu, 3 dəfə FIFA Klublararası Dünya Kubokunu qazanan “Barselona” Bakıdadır!

Kataloniya təmsilçisi bu gün Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində “Sabah”ın qonağı olacaq.

Bəli, indiyədək Azərbaycana səfər etmiş ən titullu və nüfuzlu klublardan birinin Bakıya gəlməsindən danışırıq. Belə bir dünya nəhənginin ölkəmizdə meydana çıxması, təbii ki, bayram ab-havasında qarşılanmaqdadır.

Bu gün azərbaycanlı futbolsevərləri maraqlandıran əsas məsələ oyunun hansı hesabla başa çatacağı deyil. Əsas məsələ “Barselona” kimi nəhəngin Bakı Olimpiya Stadionunda meydanına çıxmasıdır. Bəzi ulduz futbolçuların Bakıya gəlməməsi təəssüf doğursa da, dünyanın ən məşhur klublarından birinin futbolçularını 90 dəqiqə ərzində canlı izləmək özü böyük hadisədir.

Könül istərdi ki, hava da bu futbol bayramına uyğun olsun. Matçın yaz-yay aylarında keçirilməsi daha xoş olardı. Təəssüf ki, küləkli, soyuq, hətta yağışlı hava həm futbolçuların, həm də azarkeşlərin əhvalına müəyyən qədər təsir göstərəcək. Ancaq söhbət futbol bayramından gedirsə, əminəm ki, meydanda yaşanacaq 90 dəqiqə tribunadakı hər kəsin canını isidəcək.

Oyuna gəlincə, “Sabah”dan qələbə tələb etmək reallıqdan uzaq yanaşma olar. Cəmi 9 yaşı olan klub 126 illik zəngin tarixə malik rəqiblə qarşılaşacaq. Aradakı təcrübə və futbol ənənələri fərqi müqayisəyə gəlməyəcək dərəcədə böyükdür.

Amma futbolda möcüzələrə də yer var. Möcüzəyə inanmaq isə haqqımızdır.

Statistikaya nəzər salanda görürük ki, “Barselona”nın yalnız Avropanın aparıcı çempionatlarının təmsilçiləri ilə deyil, nisbətən aşağı reytinqli klublarla qarşılaşmalarda da xal itirdiyi, hətta məğlub olduğu hallar az deyil.

Bu baxımdan “Sabah”ın ümidlərini artıran bir neçə nümunəni xatırlatmaq yerinə düşər.

7 il əvvəl Praqa “Slaviya”sı İspaniyada “Barselona” ilə qolsuz heç-heçə etmişdi. 3 il əvvəl isə Belçika təmsilçisi “Antverpen” doğma meydanda Kataloniya nəhəngini 3:2 hesabı ilə məğlub etmiş, elə həmin il Dontesk “Şaxtyor”u nominal meydan sahibi qismində 1:0 hesablı qələbəyə sevinmişdi. Ötən mövsüm “Brügge” də Belçikada “Barselona” ilə 3:3 hesablı heç-heçəyə nail olmuşdu.

Göründüyü kimi, “Sabah”la müəyyən mənada müqayisə edə biləcəyimiz “Slaviya”, “Antverpen”, “Brügge” və “Şaxtyor” kimi komandalar yaxın keçmişdə “Barselona”nı büdrətməyi bacarıb.

Deməli, ümidimizi itirməyə dəyməz. Bəlkə də elə bu axşam “Sabah” futbol dünyasını təəccübləndirəcək nəticəyə imza atacaq.

Amma nəticədən asılı olmayaraq, hətta “bayquşlar” böyük hesabla məğlub olsalar belə, “Barselona”nın Azərbaycana gəlməsi özü-özlüyündə tarixi hadisədir. Bu, Azərbaycan futbolu adına əsl bayramdır.

Ən azı “Sabah” “Qarabağ”dan sonra daha bir Azərbaycan klubunun adını dünya futbol ictimaiyyətinə tanıtdırır, ölkəmizdə futbolun inkişaf etdiyini və təmsilçilərimizin Çempionlar Liqasının liqa mərhələsində mübarizə apardığını nümayiş etdirir.

Böyük futbol bayramı münasibətilə azərbaycanlı futbolsevərləri, təbrik edir, “Sabah”a uğur arzulayırıq.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti