"Güzəştli qərarın olması mümkündür"

25 Aprel 2020 19:15 Şahmat 485
"Güzəştli qərarın olması mümkündür"

Deyəsən, Teymur Rəcəbovla FİDE arasında İddiaçıların turniri ilə bağlı razılıq əldə olunub.

Sportinfo.az xəbər verir ki, yığmamızın üzvü bunu Sergey Karyakinlə “instaqram”da canlı yayın zamanı deyib:

“FİDE ilə güzəştli qərarın olması mümkündü. Amma bunu Arkadi Dvorkoviçin elan etməsi daha düzgün olar. Güzəştli qərar haqda anlayış var. Gözləyirəm, bu nöqtədən hərəkət edəcəyik. Fikrimcə, hər şey normal olacaq.

İddiaçıların turnirinin ilin sonundan tez bərpa olunmayacağını ehtimal edirəm. Hərçənd belə başa düşürəm ki, FİDE turnirin qalan hissəsini bu yay keçirmək istəyir.

Aydındı ki, bu artıq tam başqa yarış olacaq. Çünki şahmatçılar fərqli formada olacaqlar. İlk dövrədə uğursuz çıxış edən Dinq Lirenin birinci yer uğrunda mübarizəyə qoşulması istisna deyil”.

İddiaçıların turnirinə hazırlaşmaqda Teymura kömək edən Sergey Karyakin dostunun ikinci dövrəylə bağlı fikirləri ilə razılaşıb: “İlk dövrədən sonra Yan Nepomnyaşi və Maksim Vaşye-Laqrav liderlik edir.

Ancaq turnirin bərpasından sonra onların əvvəlki formalarını və liderliyi itirəcəkləri istisna deyil. Bu üzdən Aleksandr Qrişukla Fabiano Karuananın da yaxşı şansları var”.

Sonda Rəcəbov Azərbaycan və Rusiya yığmaları arasında onlayn rejimdə yoldaşlıq oyununun keçirilməsini təklif edib ki, Karyakin də bununla razılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti