"Üzr istəməli və səhvini boynuna almalıdır" - FOTO

27 Mart 2020 14:36 Şahmat 469
"Üzr istəməli və səhvini boynuna almalıdır" - FOTO

"İddiaçılar Turnirinə başlamaq böyük səhv idi.

Təkcə ona görə yox ki, Teymur Rəcəbova azarkeşlik edirəm və turnirdə azərbaycanlı oyunçunun olmasını istəyirdim. Mənə elə gəlir ki, bu, kökündən yanlış idi".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Rauf Məmmədov Rusiyanın Yekaterinburq şəhərindəki İddiaçılar Turnirinin yarımçıq dayandırılması barədə qərarı "Sport-Ekspress"ə şərh edərkən deyib.

32 yaşlı qrossmeyster bildirib ki, indi Beynəlxalq Şahmat Federasiyası (FIDE) bütün iştirakçılardan və şəxsən Teymur Rəcəbovdan üzr istəməlidir: "FIDE üzr istəməli və səhvini boynuna almalıdır. Yaxşı olardı ki, bunu Emil Sutovski edərdi. Çünki o, FIDE baş direktoru adından turnirin mütləq keçirilməli olduğunu açıqlamışdı".

Məmmədov şahmat dünyasında birliyin olmadığını deyən rusiyalı qrossmeyster Seryey Karyakinin fikirlərini də dəstəkləyib: "Əvvəllər partiyaları təxirə salırdılar, indi isə bütün turnir ertələndi. Əlbəttə, iştirakçıların yorulduğu 1984-cü ilin Karpov - Kasparov matçını da xatırlamasaq, belə hal XXI əsrdəki kimi dinc vaxtda yox, müharibə dövründə baş verirdi.

Amma gəlin, ardıcıllıqla gedək. Martın 6-da dostum və Azərbaycan yığmasındakı komanda yoldaşım Teymur Rəcəbov ictimaiyyəti dünyada koronavirus təhlükəsi ilə əlaqədar turniri təxirə salmağa çağırdı. Amma heç kim buna əhəmiyyət vermədi və sadəcə, Rəcəbovu Maksim Vaşye-Laqrayla əvəzlədilər.

Çoxları həmin vaxt Rəcəbovu qorxaqlıqda ittiham etməyə tələsdi. Mən isə ilk gündən Teymura haqlı olduğunu yazdım. Elə həmin vaxt Rəcəbovun sadəcə ağıllı insan olduğu beynimə batdı. Lakin heç kim onu eşitmədi. Sergey Karyakin doğru deyib ki, şahmat dünyasında birlik olmadı. Teymurun fikirlərinə yalnız Van Hao qatıldı. Haonu oynamağa isə Çin Şahmat Federasiyası məcbur etdi. Bu iki şahmatçıya daha bir nüfuzlu qrossmeyster, məsələn, rusiyalılardan biri qoşulsaydı, təxirəsalma gerçəkləşə bilərdi".

Məmmədov FIDE-nin Rusiya İdman Nazirliyinin xahişinə də məhəl qoymadığını vurğulayıb. Onun sözlərinə görə, turnirin dayandırılması xeyli sual ortaya çıxarıb: "İndi məlum deyil: Nə etməli? Kimdir günahkar? Rəcəbovla və onu əvəzləmiş Vaşye-Laqrayla bağlı nə etmək lazımdır?

Dinq Liren karantindən sonra imkanlarından xeyli aşağı çıxış etdi. Bəs Karuana? Onlar da inciyə bilərlər. Yəni, hamı incik qalacaq. Turniri problemsiz necə davam etdirməyin gərəkliyini bilmirəm. Düşünülmüş qərar bu olardı ki, yarış hazırkı nəticələri ilə davam etdirilsin və növbəti turnirə "wild card"la Rəcəbov dəvət edilsin".

Teymur Rəcəbov İddiaçılar Turnirindən koronavirusun yayılması səbəbindən imtina edib. Onun əvəzinə yarışa qatılan fransalı Maksim Vaşye-Laqray rusiyalı Yan Nepomnyaşi ilə birgə hərəyə 4,5 xalla ilk dövrənin qalibi olub.

Xəbər Lenti