"Riski minimuma endirmək üçün hər şeyi edir"

11 Mart 2020 21:00 Şahmat 601
"Riski minimuma endirmək üçün hər şeyi edir"

"Rusiyanın Yekaterinburq şəhərindəki şahmat üzrə İddiaçılar Turnirinin təxirə salınma riski var".

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Sport24.ru-ya açıqlamasında bildirib.

O deyib ki, qərar Rusiya Federasiyasının rəhbərliyindən asılıdır:

"Hakimiyyətlə daimi dialoqdayıq, vəziyyəti izləyirik. Amma istənilən ölkədə olduğu kimi, burada da İddiaçılar Turnirinin təxirə salınma riski mövcuddur. İştirakçı sayının az olmasını nəzərə alsaq, görülən tədbirlər kifayət edəcək.

Turnirin azarkeşsiz keçirilə biləcəyini də istisna etmirəm. Buna yerində, konkret şərtlərə əsaslanaraq qərar veriləcək. Komanda riski minimuma endirmək üçün hər şeyi edir. İstənilən halda, şahmatı hər kəs internet vasitəsilə izləyəcək".

Turnirin iştirakçıları barədə də danışan A.Dvorkoviç bildirib ki, çinli şahmatçılardan Dinq Liren bir neçə gündür karantindədir:

"Liren ayrı evdə qalır. Səhhəti ilə bağlı hər şey qaydasındadır. Burada hər hansı problem görmürük. Çinin digər təmsilçisi Van Hao uzun müddətdir vətənində deyil.

Fransalı Maksim Vaşye-Laqrava gəlincə, karantin ilk növbədə, Fransadan Rusiyaya gələn vətəndaşlara aiddir. Üstəlik, o, Moskvaya deyil, Yekaterinburqa uçur. Bütün şahmatçıların vəziyyəti normal qaydada nəzarət altında olacaq".

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov koronavirus təhlükəsinə görə İddiaçılar Turnirində iştirakdan imtina edib. 33 yaşlı qrossmeysteri Maksim Vaşye-Laqrav əvəzləyib.

Yarış martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Turnirdə ümumilikdə 8 şahmatçı - Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland) Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kirill Alekseyenko (hamısı Rusiya), Dinq Liren və Van Hao (hər ikisi Çin) iştirak edəcəklər.

Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı