"Yeni layihələr qısa müddətdə müzakirə edilir və..."

29 İyun 2019 15:48 Şahmat 532
"Yeni layihələr qısa müddətdə müzakirə edilir və..."

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığıyla Bakıda hakimlər üçün seminar keçirilib.

Sportinfo.az xəbər verir ki, 4 ölkədən olan hakimlərə seminarda yeniliklər barədə məlumatlar verilib, superturnirlər, dünya, Avropa çempionatları, o cümlədən Ümumdünya Şahmat Olimpiadasında ədalət təmsilçilərinin vəzifəsindən danışılıb.

Seminarın məruzəçisi FIDE rəhbərliyinin katibi, beynəlxalq hakim Vadim Çıpin tədbirin əsas məqsədi barədə danışıb:

"Beynəlxalq Şahmat Federasiyasında son dəyişikliklərdən sonra bütün işlər daha peşəkar, şəffaf keçirilir. Arkadiy Dvorkoviç FIDE-yə prezident seçiləndən sonra bütün sahələr üzrə peşəkar prinsiplər əsas götürülüb.

Yarışların təqvimi əvvəlcədən təsdiqlənir, şahmat ictimaiyyətiylə rahat əlaqə yaradılıb. Yeni qərarlarda şahmat federasiyaları güclü dəstəyi hiss edir. FIDE bütün təkliflərə açıqdır.

Yeni layihələr qısa müddətdə müzakirə edilir və dərhal münasibət bildirilir. Qurum eyni zamanda hakimlərə böyük diqqət yönəldir.

Bakıda təşkil olunan seminarlar onlara təcrübələrini artırmaq və yeniliklər barədə ətraflı məlumat almaq imkanı verir".

O, Azərbaycanda keçirilən şahmat turnirlərinin yüksək təşkilatçılığı barədə söz açıb:

"Azərbaycan sözün əsl mənasında şahmat ölkəsidir. Ölkənizdə şahmat üzrə mötəbər yarışlar yüksək səviyyədə təşkil olunur.

2015-ci ildə Dünya Kuboku, ardınca Ümumdünya Şahmat Olimpiadası, hər il Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialını qeyd edə bilərəm.

Bununla yanaşı, azərbaycanlı şahmatçılar daim həm fərdi yarışlarda, həm də komanda turnirlərində qələbələr qazanırlar.

Bu uğurlar Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin şahmata olan diqqət, qayğısının nəticəsidir. O hər zaman şahmatçıların yarışlarda iştirakını diqqətdə saxlayır.

Şahmatı sevən, uzun illər şahmatın inkişafı üçün çalışan Mahir Məmmədovun Beynəlxalq Şahmat Federasiyasına vitse-prezident seçilməsi FIDE-nin Azərbaycana olan etimadının nəticəsidir.

Bu mənada seminarın məhz Bakıda təşkili təsadüfi deyil. Təşkilat iki ölkədə hakimlərin mötəbər yarışlara hazırlığına həsr olunan seminarın keçirilməsi barədə qərar qəbul edib.

Azərbaycan Şahmat Federasiyasına olan etimada görə seminarlardan biri Bakıya həvalə edildi. Dörd ölkədən hakimlər yeni qaydalar, gələcək turnirlər barədə məlumat əldə etdi.

İngilis dilində praktika keçirildi. Bu seminar sayəsində hakimlərə olimpiadada işləməyə imkan verən təcrübə əldə etmək imkanı verilir.

Seminar zamanı Azərbaycanda şahmat hakimlik məktəbinin formalaşmasında böyük xidmətləri olan, dünya səviyyəli peşəkar, AŞF-nin vitse-prezidenti Faiq Həsənov təcrübəsini iştirakçılarla bölüşdü, onları maraqlandıran suallara cavab verdi".

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı