İlk dəfə imtina edənə xəbərdarlıq, sonra cəza tətbiq olunacaq

29 İyun 2019 17:12 Şahmat 667
İlk dəfə imtina edənə xəbərdarlıq, sonra cəza tətbiq olunacaq

Bakıda təşkil edilən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının iclası sona çatıb.

Sportinfo.az xəbər verir ki, iki günlük toplantıda 40-a yaxın məsələ ətrafında təkliflər irəli sürülüb və fikir mübadiləsi aparılıb.

İclasdan öncə FİDE vitse-prezidenti Naycel Şort çıxış edərək Argentinanın Folklend Adalarında şahmat turnirinin keçirilməsinə etiraz edərək Beynəlxalq Şahmat Federasiyası tərəfindən nəticələrin qəbul edilməməsini təklif edib.

FİDE rəsmiləri təklifi qəbul edib. FİDE-nin vitse-prezidenti Mahir Məmmədov isə ümumiyyətlə, heç bir dövlət tərəfindən tanınmayan ərazilərdə turnirlərin keçirilməsini pisləyib.

O, Azərbaycanın 20 faiz ərazisinin işğal edildiyini xatırladaraq həmin torpaqlarda şahmat turnirlərinin yalnız Azərbaycan Şahmat Federasiyası tərəfindən keçirilməsinin mümkünlüyünü qeyd edib,

FİDE-nin belə hallara diqqətli yanaşmasının və bu barədə qurumun nizamnaməsinə əlavələrin olunmasının vacibliyini vurğulayıb.

FİDE rəsmiləri maliyyə şəffaflığını təmin etmək üçün illik büdcəni müzakirə ediblər. İllik xərclərə yenidən baxılıb və yaranmış bəndlər üzrə bölgülər aparılıb.

Toplantı zamanı Avropa Şahmat İttifaqının keçirdiyi yarış və tədbirlər barədə hesabatı dinlənilib. O cümlədən bütün qitələr üzrə şahmatın vəziyyəti müzakirə edilib, təşkil olunan yarışların hesabatı təqdim edilib.

FİDE-nin rəsmi saytının yenilənməsi, eləcə də loqoya dəyişiklik edilməsiylə bağlı müzakirələr aparılıb və təkliflər dinlənilib.

Xüsusilə fide.com saytının dizayn baxımından funksional dəyişikliyə ehtiyac olduğu qeyd edilib, qısa zamanda yeni versiyanın hazırlanması ilə bağlı tapşırıqlar verilib.

İclasda Kayman Adalarının FİDE üzvlüyünə qəbul edilməsi təklif olunub. Bununla bağlı Kayman Adalarında şahmata maraq və digər amillər barədə məlumat verilib.

Prezident Şurası Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Olimpiya Komitəsinin prinsiplərində bu məsələylə bağlı ziddiyyətlərin olduğunu əsas gətirərək təklifin müzakirə edilməsinə ehtiyac olduğunu vurğulayıb.

Prezident Şurasında münaqişədə olan bəzi ölkə şahmatçılarının o cümlədən müsəlman, xüsusilə ərəb ölkələrinin təmsilçilərinin İsrail şahmatçılarıyla beynəlxalq yarışda bir-birilərinə qarşı oynamaq istəməməsi geniş müzakirə obyekti olub.

Bu mənada idmanın siyasətdən kənar olduğu növbəti dəfə qeyd olunub, iki ölkə arasında elan olunmamış müharibə vəziyyətinin davam etməsinə baxmayaraq Azərbaycan şahmatçılarının Ermənistan təmsilçiləriylə mübarizədən yayınmaması müsbət hal kimi nümunə göstərilib.

FİDE nümayəndələri məsələylə bağlı xüsusi qərarın qəbul edilməsini təklif edib. Münaqişədə olan ölkələrin şahmatçıları beynəlxalq yarışlarda bir qayda olaraq şahmat lövhəsində mübarizə aparmaqdan imtina etməməlidir.

Müzakirələrin nəticəsi olaraq ilk dəfə mübarizədən imtina edən şahmatçıya xəbərdarlıq ediləcək, bu hal təkrarlanacağı halda cəza tətbiq olunacaq. Cəza növü FİDE-nin növbəti iclaslarında müzakirə ediləcək.

Eyni zamanda FİDE Baş Assambleyasının iki ildə bir dəfə deyil, hər il toplaşması məsələsi qəbul olunub.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!